Azərbaycanda koronavirusla bağlı xüsusi rejim tətbiq edilsə də, istirahət, ictimai-iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılsa da ərzaq tədarükü ilə məşğul olan satış müəssisələri, mağazalar, aptektlərin fəaliyyətində hər hansı bir dəyişiklik edilməyib. Yəni ərzaq təminatı baxımından, xüsusilə də qıtlıqla bağlı, qiymət artımı ilə bağlı hər hansı bir problem yoxdur. Bu dəfə şəhər bazarından xüsusi materialımız var. İzləyək.
Dünya ölkələrində də insanlar axın-axın supermarketlərə, bazarlara gedirlər, piştaxtaları boşaldırlar. Bəzi şəxslər də bu fürsətdən istifadə edib qiymət artımına yol verirlər. Azərbaycan isə qonşu ölkələrlə sərhədlərini bağlasa da ölkədə ərzaq qıtlığı müşahidə olunmur, piştaxtalar doludur, qiymət artımına rast gəlinmir. Bunu alıcılar da təsdiq edir.
Ofelya Qəzənfərova - alıcı: Bolluqdur, qıtlıq yoxdur, bahalıq deyil. Hər şey normaldır. Həmişə necə, indi də elə, bahalanma görmürəm.
Anar Məmmədov - alıcı: Bazarda hər şey var. Necə qıtlıq yarana bilər ki?
Zahirə Əliyeva - alıcı: Çox razıyam, yaxşıdır, sakitçilikdir, qiymətlər də hamısı yerindədir. Narahatçılığa heç bir əsas yoxdur.
Satışla məşğul olan şəxslər hər şeyin qaydasında olduğunu, məhsulların çeşidlərinin çox olduğunu, qiymətlərin artmadığını, ərzaq probleminin, qıtlığın yaşanmadığını bildirdilər. Çünki tədarük və təchizatla bağlı hər hansı problem yaşanmır.
Seymur Nəbiyev - satıcı: Hər şey ucuz, normaldır. Əvvəl necə idisə indi də elədir. Qıtlıq söhbəti yoxdur. Qiymətlər də göz önündədir. Kütləvi vətəndaş axını yoxdur, hamı normal gəlib bazarlığını edib, gedir.
Bərgah Məmmədov - satıcı: Məhsul var, boldur. Hər şey yaxşıdır. Qiymətlər yaxşıdır, normaldır. Soğan 1,20 azn, kartof 1 azn təşkil edir. Gigiyenik qaydalara riayət edirik. Maska taxmışam. Özümü gözləyirəm.
Ölkə başçısının tapşırığı əsasında sahibkarlara da dəstək göstərilir. Satış müəssisələrində işçilərin sağlamlığının təmin olunması və icarə məsələlərində güzəşt edilməsi istiqamətində müzakirələr edilir, müvafiq addımlar addımların atılacağı gözlənilir.
Mahmud Mahmudzadə - satış müəssisəsinin rəsmisi: Saat 15:00-a qədər fəaliyyət göstərən obyektlərin sahiblərinə biz də müəssisə olaraq müəyyən güzəşt paketlərimizi hazırlayıb təqdim edəcəyik.
Gəncə şəhərində fəaliyyət göstərən bazarlarda alış-veriş öz axarı ilə davam edir.İstehlakçılar bildirirlər ki, bazarda qiymət artımına və məhsul qıtlığına rast gəlmirlər.
- Baxış: 512