Artıq yurdumuza yaz gəlib. Bu isə o deməkdir ki, baharın ilk gününü yaşayır, Novruz bayramını qeyd edirik. Hamı bayram bazarlığı edir və bayram süfrəsi açır. Biz də bayram bazarlığı ilə daha doğrusu bazardakı qiymətlərlə maraqlandıq, izləyək.
Bayramla əlaqədar əksər alıcılar supermarketlərə deyil, bazarlara üz tuturlar. Çünki bazarda olan məhsullar həm keyfiyyətli, həm təzə, həm də qiymətinə görə insanların cibinə münasib olur.
Süfrələrin bəzəndiyi Novruz bayramı ilə əlaqədar bazarlarda məhsullara olan tələbat artır. Bu baxımdan qiymətlərin artıb yaxud da azalması alıcılar üçün önəm daşıyır. Çünki alıcılar həm ucuz, həm də keyfiyyətli məhsul axtarır.
Elmar Əliyev - alıcı: Bu gün bazara bazarlıq etməyə gəlmişik. Qiymətlər sərfəlidir. Əsl kasıb bazarıdır, kasıbın cibini fikirləşən bazardır. Hər şey də var.
Sahəddin Əliyev - alıcı: Gəlmişik bazara mal almağa. Kartof aldıq, soğan aldıq, ət aldıq, qiymətlərdən razıyıq.
Şahlar Quliyev - alıcı: Gəlmişəm bayram bazarlığı edim. Razıyıq, qiymətlər də yaxşıdır.
Bazarda qiymətlərin kəskin şəkildə artmaması, satıcıların süni qiymət artımına yol verməməsi satışın həcminə də müsbət mənada təsir göstərir. Satıcılar qiymətlərin artmadığını, ötən illərlə müqayisədə məhsul keyfiyyətinin yüksəldiyini deyirlər.
Elxan İsayev - satıcı: Kiloqramına görə gavalı 20 azn, kivi 3 azn, armud 4.50 azn, portağal 2.50 azn, alma 3.20 azn-3.50 azn arası dəyişir. Qabaqdan bayram gəlir, alıcılıq yəqin ki yaxşı olacaq. Çünki bazarda çeşidlər müxtəlifdir.
Ceyhun Süleymanov - satıcı: Kələm turşusu 1 azn, xiyar-pomidor turşusu 1,20 azn, bibər turşusu 1,20 azn, yarpaqların da qiyməti 3 azndir. Həminki qiymətlərdir. Bir ay öncə hansı qiymətlər idisə, indi də həmin qiymətlərdir.
Vəfa Məmmədova - satıcı: Hər il bayramda göy-göyərti məhsulları çox baha olur. Amma bu il göy həm ucuzdur, həm keyfiyyətlidir. Alıcı qüvvəmiz də çox yaxşıdır.
Bayramın gəlişi ilə əlaqədar əhalinin müavinətlərinin, pensiya ödəmələrinin, əmək haqqlarının vaxtından tez ödənilməsi əhalinin alıcılıq qabiliyyətinin artmasına təsir edib. Xüsusən də bazarda təklif olunan məhsullara tələbatın çox olması, həm keyfiyyətə, həm də qiymətə öz təsirini göstərir.
- Baxış: 687