Azərbaycan kinosu hər zaman fərqliliyi, milliliyi özündə birləşdirib. Hətta sovet rejimində belə filmlərimizdə bizə xas olan dəyərlərimiz elə ustalıqla verilib ki, hər dəfə onlara baxanda tamaşaçı özü üçün yenilik tapır. Elə buna görə də bu dəfəki süjetimizdə retro səyahətə çıxıb Azərbaycan kino incilərindən seçdiyimiz sitatların bir qismini təqdim edirik.
“Bəyin oğurlanması” filmində Səməndər Rzayevin obrazının dili ilə desək, film qəlizliyi ilə birgə vacib mədəni ünsür hesab edilir.
Və ya “Axırıncı Aşırım “ filmində isə izləyicilərə tarixi, mənəvi dəyərlər haqda mesaj verilərək, milli-qəhrəmanlıq, dözümlülük xüsusiyyətləri də aşılanır.
Filmdə Abbasqulu bəy və Kərbəlayı arasında baş tutan söhbətin tarixi dialoq kimi bu günədək sitat gətirilməsi də səhnə əsərinin uzunmüddətli qalıcı təsirə malik olmasının sübutudur. İstənilən halda filmlərdən olan sitatlar nitqimizi zənginləşdirir. Kinoqəhrəmanların bəlağətli söz və ifadələri dost-tanış arasındakı söhbətə əlavə yeni çalar qata bildiyi kimi hansısa qələm sahibinin bədii dəyər kəsb edən mətnini də gözəlləşdirə bilər. Çoxobrazlı leksika film sitatlarına xas cəhətdir. Əksər hallarda film qəhrəmanlarının ifadələri dialektlər, yerli ləhcələr ya da müəllif neologizmləri ilə zəngin olur.
Ağlımız kəsəndən bəri bu və digər ifadələr leksikonumuza daxil olub. Bir neçə nəslə mənsub insanların müxtəlif situasiyalarda fikrini, emosiyasını ifadə etmək vasitəsindən əlavə həm də bədii zövqünün formalaşmasında rol oynayan film qəhrəmanlarının replikaları, dialoqları, monoloq fraqmentləri eyni zamanda iki xidmət göstərirlər - həmin ekran əsərlərinin yaşarlılığını təmin edir və insanlarda sərrast düşüncə ilə sərrast nitq arasındakı səddi asanlıqla keçmək vərdişi tərbiyə edirlər.
Bu gün yaddaşlara həkk olunan sitatların əksəriyyəti filmlərin ümumi qayəsi, məzmunu ilə vəhdət təşkil etməsəydi, bu dərəcədə dayanıqlı və yaddaqalan ola bilməzdi. Bu fikirdən bir daha o nəticəyə gəlmək olar ki, filmlər tarixi yoldan keçərək izləyicinin zövqünə uyğun ssenarilərlə uzunmüddətli yaddaqalan dəyərlərə çevrilir...
- Baxış: 17039