Çörəyi torpaqdan çıxan kəndlilər əkib becərmək üçün torpaq tapa bilmirlər. Televiziyamıza məktub ünvanlayan Şəmkirin Ağlavaşlı kəndinin Qarabağ müharibəsi veteranları illərdir bələdiyyə mülkiyyətində olan torpaqları icarəyə götürüb əkib becərə bilmədiklərindən şikayətçidirlər. Qarşı tərəf isə iddiaları qəbul etmir. Tərəflərin haqlı-haqsız olduğuna əməkdaşımız Natiq Hüseyn aydınlıq gətirib.
Əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olan Ağlavaşlı kəndində təxminən 455 ailə yaşayır. Onların sırasında şəhid ailələri, Qarabağ əlilləri və müharibə veteranları da var. İllər əvvəl torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə fəallıq nümayiş etdirən kəndin sakinləri Ağlavaşlı bələdiyyəsinin onlara biganə münasibətindən narazılıq edirlər. Daha dəqiqini desək bu günədək bələdiyyə torpaqlarından onlara bir qarış belə icarəyə verilməməsi narazılıq yaradıb.
Hamlet Abulov Qarabağ müharibəsi veteranı: Həyatyanı torpaq sahəmiz var. Biz sadəcə bələdiyyədən icarəyə torpaq istəyirik. Əkək-biçək heyvanımızı saxlayaq. Uşağımızı ailəmizi dolandıraq. Biz bunu istəyirik.
Naib Həsənov Qarabağ müharibəsi veteranı: 5 nəfər ailə üzvüm var. Yoldaşımla mənim 64 sotdan çox pay torpağım var. 3 uşağımın pay torpağı yoxdur. Heyvanım var, saxlaya bilmirəm.
Əfqan İsgəndərov Qarabağ müharibəsi veteranı: Yəni bizim tələbimiz odur ki, yüz hektarlarla bələdiyyə torpağı var. İcarəyə oradan ailəmiz üçün arpa, yonca əkini üçün torpaq istəyirik. Biz 25 ildir gəlmişik, fərdi işlərlə məşğul olurduq, indi sağlamlığımız imkan vermir.
Sakinlər deyir ki, əslində bələdiyyənin mülkiyyətində kifayət qədər torpaq sahəsi var. Ancaq onlara bu mülkiyyətdən pay verilmir. Bu səbəbdən də dəfələrlə yuxarı instansiyalara müraciət olunsa da hələlik müsbət nəticə əldə olunmayıb.
Yalçın Rzayev Qarabağ müharibəsi veteranı: Məktub yazmışam. Dəfələrlə müraciət etmişəm ki, mənim ailə vəziyyətimi nəzərə alın mənə bələdiyyə torpağından 2-3 hektar torpaq verin, taxıl, buğda əkim. Elşən Mehtiyevə məktubda yazıb göndərmişəm. Müraciətimə baxmayıb.
Qarabağ müharibəsi veteranlarının iddialarına cavab tapmaq üçün adı hallanan Ağlavaşlı bələdiyyəsinin sədri Elşən Mehtiyevin münasibətini öyrəndik. Torpalqarın icarəsinin hərrac yolu reallaşdığını və narazı veteranları yaxın vaxtlarda keçiriləcək hərracda iştirak etməyə çağırdı.
Elşən Mehtiyev Ağlavaşlı kənd bələdiyyəsinin sədri: Onların hər birinə fərdi qaydada izah olunub ki, bələdiyyə torpaqlarının icarəyə verilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyə torpaqlarının idarə edilməsi üzrə əsasnamənin 16 və 17-ci bəndinə əsasən bələdiyyənin mülkiyyət hüququ təsdiq olunub qedyə alınmalıdır. Qeydə alındıqdan sonra həmin torpaq sahələri hərraca çıxarılır və hərracda həmin sakinlər iştirak edib torpaq sahəsi götürə bilərlər.
Bələdiyyə sədri sözlərinə onu da əlavə etdi ki, bu günədək bələdiyyənin mülkiyyətində olan 371 hektar toprpaq sahəsinin 81 hektarı kənd sakinlərinə hərrac yolu ilə icarəyə verilib. Şikayətçi Qarabağ müharibəsi veteranları da həmin yolla torpaq icarədarı ola bilərlər.
Natiq Hüseyn
- Baxış: 641