Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. Dövlət başçısı ölkədə həyata keçirilən sosial proqramların icra vəziyyəti ilə maraqlanıb.
Keçən il 4 milyondan artıq Azərbaycan vətəndaşının maddi rifahının yaxşılaşdırıldığına, çox böyük sosial paket icra edildiyə diqqət çəkən Prezident İlham Əliyevin sözlərinə görə, bu, bir daha onu göstərir ki, Azərbaycan hökuməti daim öz vətəndaşının yanındadır və maddi imkanları hələ də məhdud olan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzindədir. "Ötən il həyata keçirilən ciddi sosial paket bizim məqsədyönlü seçimimizdir. Əminəm ki, vətəndaşlarımızın sosial vəziyyəti ildən-ilə daha da yaxşılaşdırılacaqdır", - deyə dövlət başçısı vurğulayıb. Pensiya təminatı ilə bağlı görülmüş işlər barədə məlumat verən ƏƏSM naziri Sahil Babayev deyib ki, ölkədə minimum pensiyanın 72 faiz artırılması nəticəsində 660 min pensiyanın pensiyalarında ciddi şəkildə artım olub. Bu il sosialyönümlü islahatların davamı olaraq bütün pensiyalar 16,6 faiz indeksləşdirilib. Nəticədə, bütün pensiyalar üzrə orta aylıq pensiya 300 manatın üzərində olub. Ümumiyyətlə, son islahatların maliyyə dəyəri 560 milyon manata bərabərdir. Aparılan islahatlar nəticəsində Dövlət Sosial Müdafiə Fondunun özündə də ciddi sağlamlaşma təmin olunub. Dövlət öhdəlikləri hesabına maliyyələşən pensiyalar üçün ayrılmış vəsaitin 320 milyon manatı dövlət büdcəsinə geri qaytarılıb. Sahil Babayev onu da deyib ki, bu il üçün dövlət büdcəsindən ayrılmış vəsait çərçivəsində 85-90 min ailənin ünvanlı sosial yardımla əhatə olunması planlaşdırılır ki, bu da proqramın 20 faiz genişləndirilməsi deməkdir. Şəhid ailələri və müharibə veteranlarının evlə təminatı məsələsinə gəlincə, nazir vurğulayıb ki, proqram 52 rayonu əhatə etməklə 700 mənzili və 800 fərdi evi nəzərdə tutur.
Sahil Babayev - ƏƏSM naziri: Bu il Gəncə istisna olmaqla, respublikanın əsas şəhərlərində növbədə olan bütün insanlar mənzil və evlə təmin ediləcəklər. Gəncədə 170 nəfər növbədədir, onların da 100 nəfərinə bu il evlər, mənzillər təqdim olunacaq. Fərdi evlər proqramı çərçivəsində 52 rayon üzrə 800 fərdi ev şəhid ailələrinə və müharibə əlillərinə təqdim olunacaq. Builki proqramın icrası nəticəsində 2014-cü ilə qədər növbəyə duran insanların sayı 1500-ə düşəcək. Bununla bağlı da Sizin tapşırıqlarınız olub ki, onları da sürətlə yekunlaşdıraq.
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Çox yaxşı, bu sürətlə getsək, həmin kateqoriyadan olan və növbədə duran bütün vətəndaşları biz 2021-2022-ci illərdə evlərlə, mənzillərlə təmin edəcəyik. ..Mən göstəriş vermişdim ki, bu il ən azı 10 min insan bu proqramla əhatə olunsun. Proqramla əhatə olunma istiqamətində, əlbəttə ki, nazirlik tərəfindən meyarlar işlənilib, təmin edilib, vətəndaşlar treninqlərdən keçiblər. Ancaq əsas məsələ ondadır ki, vətəndaşları bu işə cəlb edəndən sonra özünüməşğulluqla bağlı monitorinq keçirilsin. Çünki dünya praktikasında özünüməşğulluq proqramı ilə əhatə olunan cəmi vətəndaşların təqribən 50 faizi bu imkandan səmərəli şəkildə istifadə edə bilir. Məsələn, elə hallar var ki, rayon və kənd yerlərində mal-qara ilə təmin olunan vətəndaşların bəziləri o mal-qaranı aparıb bazarda satır və beləliklə məsuliyyətsizlik göstərirlər. Halbuki bu işdə əsas məqsəd ondan ibarətdir ki, vətəndaşlar verilən vasitələrlə öz dolanışıqlarını sonra özləri təmin etsinlər. Əgər vətəndaşlar dövlət tərəfindən verilən vəsaitə belə yanaşacaqlarsa, bu, dözülməzdir. Bu vətəndaşlara ikinci dəfə heç bir dəstək göstərilməməlidir, o cümlədən onlar ünvanlı sosial yardımdan da məhrum edilməlidir. Özünüməşğulluq proqramı ilə bağlı hansı işlər görülür? Mən göstəriş vermişəm ki, bu proqramın əhatə dairəsi genişləndirilsin.
Sahil Babayev - ƏƏSM naziri: Məşğulluq proqramında iştirak etmək niyyəti olan insanlar çoxdur. Siz rəqəmi qeyd etdiniz, 50 minə yaxın müraciət var. Ona görə də biz orada prioritetləşməni bu şəkildə qoyduq ki, əlilliyi olan şəxslər, şəhid ailələri, məcburi köçkünlər, ailəsində şəhid və əlil olan insanlara üstünlük verək. Əgər 2017-ci ildə bu proqram 1500 ailəni əhatə etmişdisə, 2018-ci ildə 7 min, 2019-cu ildə 10 min ailəni əhatə etdi. Bu il üçün biz 11 mini hədəf müəyyən etmişik.
Qeyri-formal məşğulluqla bağlı məsələyə toxunan Prezident İlham Əliyev deyib ki, bu sahədə çox ciddi monitorinq tədbirləri keçirilməlidir. Eyni zamanda, sistem xarakterli, institusional tədbirlər də nəzərdə tutulur ki, qeyri-rəsmi məşğulluğun əhatə dairəsi daralsın.
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Mən də bir neçə dəfə vətəndaşlara müraciət edərək demişdim ki, əgər hansısa sahibkar onlara bu formada işləmək təklif edirsə, buna razı olmasınlar, dərhal müvafiq yerli və mərkəzi icra orqanlarını məlumatlandırsınlar. Çünki əgər qeyri-rəsmi işləyəcəklərsə, sabah onların nə pensiyası, nə də sosial sığortası olacaq, xüsusilə nəzərə alsaq ki, bu ildən başlayaraq ölkə ərazisində icbari tibbi sığorta sistemi mərhələli şəkildə tətbiq olunur. Mənə verilən məlumata görə, həm pilot şəhərlərdə, həm də bu il başlanmış bu işə əhali tərəfindən çox böyük dəstək, böyük maraq var. Ona görə belə təkliflərdən vətəndaşlar özləri imtina etməlidirlər. Amma bəzi hallarda çarəsiz qalırlar. Bəzi hallarda məcbur olub sahibkarların qanunsuz təkliflərinə razılıq verir, qeyri-formal işləyirlər. Ona görə maarifləndirmə işləri daha geniş vüsət almalıdır. Rəsmiyyətə düşməyən işçiləri işlədən sahibkarlara qarşı ciddi sanksiyalar, cərimələr tətbiq edilməlidir. Eyni zamanda, göstəriş vermişəm ki, Azərbaycanda heç kim səkkiz saatdan çox işləməməlidir. Çünki insanları istismar edirlər. Onlar da çarəsiz qalıb, məcbur olub buna razılıq verirlər. Ona görə vətəndaşlarla nazirlik arasında çox fəal canlı bağlantı olmalıdır.
İşsizliklə bağlı məsələyə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb ki, işsizliyi aşağı səviyyədə saxlamaq üçün dövlət bütün mexanizmlərdən istifadə edir. 2015-2016-cı illərdən başlayaraq ödənişli ictimai işlər yaradılmışdır. Bu proqramla əhatə olunan vətəndaşların sayı ildən-ilə artaraq, son məlumata görə, 38 min ödənişli iş yeri yaradılmalı idi. Bu məqsədlər üçün dövlət büdcəsində 10 milyonlarla manat vəsait nəzərdə tutulur.
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Göstəriş vermişdim ki, bu məsələyə çox ciddi nəzarət olunsun. Xüsusilə bölgələrdən gələn siqnallar bu nəzarətin tətbiqinə, əlbəttə ki, imkan yaratmışdı. Çünki bəzi hallarda insanların əməkhaqları verilmirdi, ödəniş kartları icra başçıları tərəfindən qanunsuz olaraq götürülürdü, mənimsənilirdi və s. Belə siqnallar ciddi şəkildə araşdırılmışdır. Bu və buna oxşar cinayətləri törədənlərə qarşı çox ciddi cəza tədbirləri tətbiq edildi. Mən bütün yerli icra orqanlarının nümayəndələrinə xəbərdarlıq etmişdim. İndi isə onların bir neçəsi məsuliyyətə cəlb edildi. Keçirilmiş xüsusi əməliyyatlar nəticəsində onların cinayətləri tam sübuta yetirildi. Əlbəttə ki, indi istintaq gedir, məhkəmə prosesi olacaqdır, ancaq videogörüntülər hər şeyi açıq-aydın göstərir. Bu biabırçı kadrlar, biabırçı davranış bizim üçün böyük ləkədir. Mən bu adamlara etibar etmişəm. Mən bu adamları vəzifəyə təyin etmişəm və vəzifəyə təyin edilərkən bir çox tapşırıqlar, tövsiyələr vermişəm. Onların arasında ən vacibi o idi ki, get təmiz işlə, rüşvət alma, vətəndaşlara kobudluq göstərmə, təkəbbürlü olma, vətəndaşlara dayaq ol, arxa ol, kəndləri gəz, bütün vətəndaşlarla ünsiyyətdə ol. Amma nəyi görürük? Onu görürük ki, bütün bu tapşırıqlara rəğmən, bəzi yaramaz icra başçıları həm özlərini, həm bizim iqtidarımızı biabır ediblər. Onların alçaq hərəkətləri ümumi qınaq obyektinə çevrilib. Onların dövlət mülkiyyətini talaması, sahibkarları incitməsi, sahibkarlardan pul alması, hər bir təyinata görə pul alması, məktəb direktorlarından, xəstəxanalardan aylıq haqq alması allahsızlıqdır və onlar bu cinayətlərə görə cavab verəcəklər.
Sahil Babayev ƏƏSMN tərəfindən aparılan monitorinqlərdən danışaraq vurğulayıb ki, ümumilikdə, il ərzində 9 min kənarlaşma müəyyən edilib. Bundan əlavə, ictimai şəffaflığın təmin edilməsi üçün hər rayon üzrə ictimai işlərə cəlb edilmiş şəxslərin adlı siyahısı internet portalına yerləşdirilib.
- Baxış: 302