Zaqatalada “Naco” ləqəbli oğrunun başçılıq etdiyi dəstə zərərsizləşdirilib. Onlar fındıq oğurluğunda şübhüəli bilinirlər.
Zaqatala Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən fındıq zavodundan 150 min manat dəyərində fındıq ləpəsinin oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu törətməkdə şübhəli bilinən “Naco” ləqəbli Nəcməddin Baqayev və onun dəstəsi Hacımurad Bolayev , Rəsul Xəlilov, Elnur İsmayılov, Maxaç Tahirov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər həmin zavodda mühafizəçi olaraq işləyən Maxaç Tahirovun vasitəsilə videokameraların qarşısını bağlamaqla fevral ayında ayrı-ayrı vaxtlarda 6 dəfə həmin zavoda oğurluq məqsədilə qanunsuz olaraq daxil olub, oradan çəkisi 13 tondan artıq fındıq ləpəsi oğurlayıblar. Onlar ifadələrində cinayət əməli ilə əldə etdikləri fındıq ləpəsini Bakı şəhərində satdıqlarını bildiriblər.
Faktla bağlı saxlanılan şəxslər barəsində Zaqatala RPŞ-də Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.Hazırda dəstənin digər cinayət əməlləri törədib-törətməməsinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
- Baxış: 606