• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1681
— 09.03.2020 19:20

Polisə tabe olmayan dələduzu saxlamaq üçün xəbərdarlıq atəşi açıldı

KepezTV Player

Dələduzun nəfsinə sərhəd olmaz. Bu dəfəki şəxsin isə nə nəfsi, nə də ki ayaqları sərhəd tanıdı. İş başında polisə yaxalandığını görəndə "asta qaçan namərddir" deyib, ardına belə baxmadı. Amma polislərin çevikliyi və havaya açılan xəbərdarlıq atəşinin sədası onu yaxalamağa bəs etdi.

Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə qorunan obyektlər, eləcə də xüsusi mülkiyyətlərin təhlükəsizliyi günün istənilən saatı etibarlı şəkildə qorunur. Bunu sübut edən növbəti hadisə Xəzər rayonu Albalılıq bağlar massivində qeydə alınıb.  Zöhrə Mahmudovaya məxsus xüsusi texniki vasitələrlə qorunan bağ evindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Ərazi üzrə xidmət aparan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Hadisə yerinə gələn polislər bir nəfərin həyətdəki yardımçı otaqda yerləşən kombi aparatını oğurlanmaq istədiyinin şahidi olublar. Polis əməkdaşlarını görən həmin şəxs ərazidən qaçmağa çalışıb. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, qonşu bağ sahələrinin də həyətinə daxil olaraq,  uzaqlaşmağa çalışıb. Bu səbəbdən idarənin tutucu qrupunun üzvü cinayəti törədən şəxsi yaxalamaq üçün üzərindəki “Makarov” markalı tabel silahı ilə havaya xəbərdarlıq atəşi açıb və bundan sonra onu saxlamaq mümkün olub.

Saxlanılan şəxsin ətrafında araşdırma aparılan zaman onun Xəzər rayonu ərazisində müxtəlif vaxtlarda 5 bağ evi və 1 iaşə obyektindən məişət əşyaları, təmir-tikinti alətləri və inşaat materialları oğurladığı məlum olub. Rasim Əliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xəzər Rayon Polis İdarəsinə müraciət edə bilərlər.Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi bir daha əhalini əmin edir ki, Mühafizə Polisinə etibar edərək, onlarla müqavilə bağlayan istənilən şəxsin xüsusi mülkiyyəti və obyekti günün hər bir saatı etibarlı şəkildə qorunur.