Sumqayıtdakı matçda əsas heyətin 3 üzvü meydana çıxa bilməyəcək. Sarı vərəqə limitini dolduran kapitan Əli Səmədov, müdafiəçi Elvin Dəmirov və yarımmüdafiəçi Elcan Rəhimov oyunu buraxmaq məcburiyyətində qalıb. Əvəzində ötən turda cəzalı olduğundan oynamayan Novruz Məmmədov ilə Orxan Abdullayev sıraya dönüb.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Bakıda keçirilən təlim-məşq toplanışına dəvət alan Ümid Səmədov da “sarı-göylər”ə qoşularaq son iki məşqdə iştirak edib. Buna kimi 15 və 17 yaşlıların yığmasına çağırılan Səmədov ilk dəfə 21-lərə cəlb olunub. “Kəpəz”in start “11-liyi”nin daimi üzvü olan 16 yaşlı oyunçu cari mövsümdə kubok da daxil olmaqla 13 görüşdə ilk dəqiqələrdən meydana çıxaraq əvəzedilmədən oynayıb.
Turnir cədvəlində qonşu olan rəqiblərdən “Kəpəz” 22 xalla 6-cı, “Sumqayıt” 21 xalla 7-ci pillədə qərarlaşıb. Bu amil oyuna olan marağı daha da artırır.
- Baxış: 767