Əsas turizm məkanlarından hesab olunan hotellərə tələbat mövsümündən asılı olmayaraq həmişə var. Turistlərin və qonaqların müvəqqəti yaşaması üçün xüsusi təchizatlı otaqları olan belə obyektlər Gəncədə barmaqla sayılası qədərdir. Şəhərdə mehmanxanalara olan maraq, mövcud vəziyyət və qiymətlər əməkdaşımız Valeh Anaroğlunun araşdırmasında. İzləyək.
Turizm gəlirlərinin əhəmiyyətli dərəcədə artırılması və mövcud potensialdan səmərəli istifadə edilməsi üçün mehmanxanalar sisteminin yaradılması, xidmətin keyfiyyətinin yüksəldilməsi vacib əhəmiyyət kəsb edir. Müştərilərin istəyi isə yüksək səviyyəli xidmət və sərfəli qiymətlə bağlıdır.
Niyaməddin Novruzov - müştəri: Əsas qulluqdur, təmizlikdir. Uzunmüddətli qalanda yataq dəsti vaxtlı-vaxtında yuyulub dəyişdirilir. Gəlirsən ki hər şey qaydasındadır.
Rza Fərzəliyev - müştəri: İdeal mehmanxana həm otaqları, həm mətbəxi, həm təmizliyi, həmçinin avtomobil dayanacağının olması ilə fərqlənir. Avtomobilimizi rahat yerdə saxlamaq üçün bu vacibdir.
Yerli və regional turizmin inkişafının surətləndirilməsi, turizmin inkişafında maraqlı olan bütün tərəflərin iştirakı ilə əməkdaşlıq platformasının yaradılması istiqamətində aparılan işlərə mehmanxanalar da öz töhfəsini verməlidir. Burada vacib olan qiymətin xidmətə və keyfiyyətə görə adekvat müəyyən edilməsidir.
Ceyhun Kərimov - hotel rəsmisi: Qiymətlərimiz 100-240 azn aralığında dəyişir. Otelimizin 33 otağı var. Standart, lüks və deluks olmaqla bölünür. Bacardığımız qədər müştərilərimizə əlimizdə olan imkanlar daxilində xidmət göstərməyə, onları məmnun etməyə çalışırıq.
Vüsal Hüseynov - hotel rəsmisi: Bizi digərlərindən fərqləndirən əsas səbəb qiymət amilidir. Bizim mehmanxanada 78 otaq var. Qiymətləri minimum 50, maksimum 200 manatadır. Müştərilər adətən may-sentyabr aralığında bizə müraciət edirlər. Gəncəyə gələn bütün qonaqları dəvət edirik. Gəlsinlər, istirahət etsinlər.
Zəka Əmiraslanov - hotel rəsmisi: Otelimizin 74 otağı var. Qiymətlər 50 AZN-dən başlayır. Maksimum 150 AZN-dir. Müştərilərimiz ən çox yaz-yay aylarında müraciət edirlər.
Ötən il Azərbaycanda mehmanxanaların gəlirləri əvvəlki illə müqayisədə 25,2 faiz çox olub. Qərb regionunda mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi isə 22,1 % təşkil edib. Bu göstərici digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub.
Kənan Quluzadə - Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri: Bu gün Azərbaycanda 649 hotel fəaliyyət göstərir.Onlardan 44-ü ötən il fəaliyyətə başlayıb. 32-i Bakı şəhərində, 12-i regionlarda.Azərbaycana gələn turistlərin sayı ilbəil artır.Yanvar ayında 18% artım olub.Bu artımın davamlı olacağı gözlənilir.Paketlər hazırlanır, digər qurumlarla müzakirələr aparılır ki, regionlarda daha əlverişli şərait yaradılsın, o cümlədən Gəncə şəhərində hotellərin sayı çoxaldılsın.
Biznes həm çox çətin, həm də çox sadə fəaliyyətlərin toplusudur. Hər bir biznesin isə özünəməxsus atılması gərəkən addımları və qaydaları var. Elə buna görə də biznesdə neçə il ərzində uğurlu olmaq olar sualını cavablandırmaq çox çətindir. Turizm biznesində isə xidmət səviyyəsinə diqqət etmək müştəri məmnuniyyətinin ən başlıca şərtidir.
- Baxış: 330