• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3155
— 19.02.2020 20:06

Sığorta insidentləri zamanı mübahisələr necə həll olunmalıdır?

KepezTV Player

Ötən il Azərbaycanda 422,9 milyon manat sığorta haqqı toplanıb.154.6 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib. Bunun da 73,7% qeyri-həyat sığortasının payına düşüb ki, burada üstünlük avtomobillərin icbari sığortası təşkil edir. Əvvəlki illərlə müqayisədə göstəricilər yüksəlsə də ölkənin sığorta bazarında problemlər hələ də mövcuddur. Ətraflı Valeh Anaroğlunun araşdırmasında izləyək.

Ölkədə könüllü sığortaya marağın olmamasına səbəb kimi sığorta bazarında peşəkar sığorta agentlərinin olmaması göstərilir. Sakinlər arasında sığorta münasibətlərinə inamın az olması peşəkar xidmətin göstərilməməsi ilə səciyyələndirilir.

Vüsal Namazov - sakin: Sığorta olunan zaman bağlanan müqavilədə bəndlərə əməl olunmalıdır. Sığorta şirkətləri dəyən zərəri tam ödəməlidirlər. Sığorta yaxşıdır, etdirək, ancaq sığorta şirkətləri də ona əməl etsinlər.

Xaləddin İsmayılov - sakin: Cəmiyyətdə onlara, sığorta şirkətlərinə inam yoxdur. İnsanları düşdüyü vəziyyətdən çıxara bilmədikləri üçün insanlar sığorta şirkətlərinə çox da etimad göstərmirlər.

Qiyafət Məmmədova - sakin: İnsanlar evlərini sığortalatmalıdırlar ki, başlarına iş gələndə, sığorta şirkətləri də zərər dəyən zaman onlara yardım göstərə bilsin. Sığorta şirkətləri də elə fəaliyyət göstərməlidir ki, insanlar onlara inansın, güvənsin.

Ölkədə oxşar problemlə qarşılaşan şəxslər az deyil. Əksər hallarda hadisələr, elə müştərinin diqqətsizliyindən baş verir. Hər bir halda belə sıxıntılar vətəndaşlar arasında sığortaçılara qarşı inamsızlıq yaradır. Sığortaçılar könüllü sığortaya marağın az olmasını müxtəlif cür izah edirlər.

Elnur Həsənov - sığorta mütəxəssisi: Könüllü sığorta növlərinə müraciət edənlər də az deyil. Son iki ildə həm daşınar, həm də daşınmaz əmlakını könüllü şəkildə sığortaladanlar var. Müqavilənin şərtlərində əsasən, azadolma məbləği, sığorta dəyəri, sığorta məbləği kimi terminlərə fikir vermək lazımdır.

Sığortaçılara inamın az olmasında qiymətləndirmənin düzgün aparılmamasının da rolu var. Bu problem qanunvericilik baxımından necə həll olunur? Bunu ekspert deyir.

Ramiz Abdullayev - ekspert: Sığorta edən və sığorta olunan arasında bağlanan razılaşma tərəflər arasında iradə ifadəsi olaraq müqavilə formasında bağlanılır.Bütün hallarda sığorta təşkilatı dəymiş ziyanı ödəməkdə borclu deyil.Müqavilədə qeyd olunan hallar baş verirsə, müqavilə öhdəlikləri üzrə bütün tərəflər maddi məsuliyyət daşıyırlar.Mübahisələr yaranan zaman da, bir qayda olaraq məhkəmə qaydasında həll olunur.

Apardığımız araşdırma göstərdi ki,sığorta sahəsində görülən işlər vəziyyətin getdikcə düzəldiyini deməyə əsas verir. Vacib olanı dinamikanın sığortalı baxımından etibarlılığını artırmaqla əhatə dairəsini genişləndirməkdir.