• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1886
— 14.02.2020 18:30

Prezident İlham Əliyev Almaniyada səfərdədir

KepezTV Player

Prezident İlham Əliyev 56-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada səfərdədir. Səfər çərçivəsində bir sıra görüşlər baş tutub.

Dövlət başçısı Almaniyanın Şərqi Biznes Assosiasiyasının Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri, “Veridos GmbH” şirkətinin baş icraçı katibi Andreas Reşmayer ilə görüşüb. Azərbaycan və Almaniya biznes dairələrini bir araya gətirən biznes forumların keçirilməsinin vacibliyi vurğulanıb. Azərbaycanda peşə təhsili sahəsində Almaniya ilə birlikdə əməkdaşlığın önəmi qeyd olunub.

Prezidentin Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norovla görüşü zamanı Azərbaycan ilə Təşkilat arasında əməkdaşlıq çərçivəsində bu il nəqliyyat məsələlərinə həsr olunacaq konfransın keçiriləcəyi bildirilib. İlham Əliyevin Küveyt Dövlətinin Baş Naziri Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşündə ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Küveytdən Azərbaycana gələn turistlərin sayında əsaslı artımın müşahidə olunduğu, tezliklə Küveyt Hava Yollarının Azərbaycana uçuşlar həyata keçirəcəyi diqqətə çatdırılıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşdə dövlət başçısı Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasının, bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd edib.  Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüş zamanı OPEC+ formatında Azərbaycanın təşəbbüsləri yüksək qiymətləndirilib.

Dövlət başçısı Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev və Moldova Respublikasının Prezidenti İqor Dodonla da  görüşüb. Prezident “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak edib.