Gəncədə qaz sızması nəticəsində partlayan binanın yerində inşa edilən tikilidə işlər tamamlanmaq üzrədir. 50 mənzilli binanın bu ilin 1-ci rübündə istifadəyə verilməsi gözlənilir.
Şəhərin Şahlar Hüseynov 13 A ünvanında tikilən yaşayış binası 4570 kvadrat metr ərazini əhatə etməklə 5 mərtəbəlidir. 2 bloklu binada mənzillərin 22-i bir otaqlı, 16-ı iki otaqlı və 12-i isə üç otaqlıdır. Artıq dəhlizlərdə və sanitar qovşaqlarda işlər yekunlaşmaq üzrədir. Mənzillər, eyvan hissə və mətbəxlərdə təmir başa çatıb. Binada mərkəzləşdirilmiş istilik sistemi də qurulub.
Elnur Əzizli - layihə rəhbəri: Bina Fövqalada Hallar Nazirliyinin ekpertizasının verdiyi rəylər əsasında tam keyfiyyətli materiallarla təmin olunub. Yanğına, suya davamlı materiallardan istifadə edilib. Hazırda qalan işlərimiz binaya su təchizatı, elektrik və ümumi kanalzasiya sistemidir. Bunlarda tamamlanır.
Hazırda binanın həyətində ehtiyat su anbarı və mərasim zalının tikintisi də aparılır. Fasad hissədə işlər gedir. Beşinci mərtəbədə işlər yekunlaşdıqdan sonra sakinlərin binaya köçməsi üçün heç bir maneə qalmayacaq.
Qənirə Mursaqulova - sakin: Dövlətimiz çox sağ olsun qayğı göstərdi bina tikdi. Milləti yenə həmin yerə qaytarır. Qonşular bir-biri ilə əlaqədə olur. Öz yerində tikiliş əmələ gəlir”.
Hazırda ərazidə 30-a yaxın canlı qüvvə çalışır. İşlər tam başa çatdıqdan sonra ərazidə abadlıq işləri aparılacaq. Yaşıllıq zolağı salınacaq, işıq dirəkləri basdırılıb, oturacaqlar qoyulacaq. Uşaqların əylənməsi üçün meydança da salınacaq.
- Baxış: 740