Artıq 12 ildir ki, kənddə daxili imkanlar, xaricdə çalışan yerli iş adamlarının dəstəyi ilə futbolun inkişafı istiqamətində əməli addımlar atılır. Məşqçi Elşad Mirzəyev tərəfindən yaradılan “Qala” klubu bu idman növünə marağı artırmaq, kütləvilik yaratmaq üçün işlər görür. Komandalar yeni yarananda 2 il Gəncəni təmsil edib, lakin “Şəmkir” klubunun fəaliyyəti bərpa olunandan sonra Mirzəyevin yetirmələri doğma rayonun adından yarışlarda iştirak etməyə başlayıb. Bu gün Qədimqala kəndi AFFA-nın 11, 12 və 13 yaşlılar arasında keçirdiyi liqalarda çıxış edir.
“Qala” klubunun nəzdində faəliyyət göstərən komandalarda 47 uşaq və yeniyetmə futbolun sirlərini öyrənir. Hazırda klubun iki yetirməsi Premyer Liqada təmsilçilərinin tərkibində oynayır. Qapıçı Qurban Məhərrəmov və sahə oyunçusu Nazim Rəhimov paytaxt kolleltivlərinin şərəfini qoruyur.
İşin maraqlı tərəfi klubun ödənişsiz fəaliyyət göstərməsidir. Elşad Mirzəyev illərdir ki, kəndin uşaqlarına həftədə 3 dəfə olmaqla təmannasız məşqlər keçir və heç bir yerdən maaş da almır. Hətta buna görə onu Gəncə futbolunun xaç atası adlandırılan Konstantin Abramenkoya da bənzətmək olar.
Elşad Mirzəyevin fikrincə, rayonda peşəkar klubun olması gördüyü işlərə təkan verə bilər.
Futbol təhsili olmayan məşqçi qarşıdakı aylarda bu çatışmazlığı aradan qaldırmağı düşünür. O, AFFA-nın kurslarına yazılmaqla kateqoriya almaq istəyir. Gələcəkdə klubun tərkibində futbol məktəbinin yaradılması planda var.
- Baxış: 785