Azərbaycan Turizm Agentlikləri Assosiasiyası vətəndaşlara və turizm şirkətlərinə müraciət edib. Assosiasiyadan verilən məlumata görə, yanvarın 22-dən Misirin Şarm El Şeyx şəhərinə avia biletlər satma hüququ olan Gürcüstanın “İnterco Travel” şirkətinin səlahiyyətləri Ermənistanın “Anriva Tour” şirkətinə keçib. Bununla da Misir aviaşirkətinin Gürcüstanda kommersiya nümayəndəliyi dəyişib və “Air Cairo” hava yollarının Gürcüstan üzrə nümayəndəliyi Ermənistan şirkəti təyin olunub. Azərbaycan Turizm Agentlikləri Assosiasiyası “Anriva Tour” şirkətinin xidmətlərindən yararlanarkən daxil edilən şəxsi məlumatların şirkətin İrəvan şəhərində yerləşən baş ofisində toplandığını, təxribat yönümlü halların baş vermə riskinin yüksək olduğunu, eyni zamanda zərurət yarandığı təqdirdə Ermənistan hava limanlarına belə eniş etmə niyyətlərinin açıqlamasını nəzərə alıb yaranmış vəziyyətlə bağlı vətəndaşlara və turizm şirkətlərinə müraciət edib. Assosiasiya “Anriva Tour” şirkətinin xidmətlərindən yararlanmağı və əməkdaşlıq etməyi məqsədə uyğun saymır. O üzdən Misirə uçmaq üçün digər alternativ yollarından istifadə etməyi məsləhət görür.
- Baxış: 308