• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1735
— 07.02.2020 19:53

Gəncədə 4 dairə üzrə 37 namizəd Milli Məclisdə təmsilçilik uğrunda mübarizə aparır

KepezTV Player

Gəncədə növbədənkənar parlament seçkiləri ilə əlaqədar olaraq 4 seçki dairəsi üzrə 111 məntəqə seçki kommisiyası fəaliyyət göstərir. Seçki məntəqələrindən 4-ü qapalıdır, 1-i hərbi hissədə, digər 3-ü isə istintaq təcridxanasında seçkilərlə əlaqədar olaraq formalaşdırılıb.

Rauf Qurbanov - 37 saylı DSK-nın katibi: Seçkilər üçün bütün məntəqələrimiz hazır vəziyyətdədir.Hazırda bütün məntəqələrimiz seçki məcəlləsinin tələblərinə uyğun olaraq komissiyalar fəaliyyət göstərirlər.Seçkilərin demokratik və şəffaf şəkildə keçirilməsi üçün hər cür şərait yaradılmışdır.

Şəhər üzrə səsvermə hüquq olan vətəndaşların sayı 151 min 373 nəfərdir. Onlardan 115-nin adına ilk dəfə bildiriş yazılıb və seçici olaraq səs verən statusu qazanıblar.

İmamyar İsmayılov - 40 saylı DSK-nın sədri: Bizim 42090 seçicimiz var.Məntəqə üzvləri bütün ləvazimatlarla təmin olunub.100 yaşlı iki nəfər seçicimiz var.Məntəqə seçki komissiyaları hər ikisi ilə əlaqə saxlayıb. Hər ikisi gəlib səsvermədə iştirak edəcəklər.

Prosesi izləmək üçün 1373 nəfər müşahidəçi statusu alaraq seçkinin gedişatına məntəqə seçki komissiyalarında nəzarət edir. Seçki günü bu say arta da bilər. Həmçinin 40 məntəqədə quraşdırılan veb-kameralar  bu işdə yardımçıdır.

Elbar Əhmədov - 39 saylı DSK-nın sədri: Hal-hazırda bizim dairənin məntəqələrində 9 veb-kamera quraşdırılıb.Dünyanın istənilən nöqtəsindən bütün vətəndaşlar səsvermə prosesini canlı şəkildə izləyə bilərlər.530 nəfər müşahidəçi qeydə alınıb.Öz təşəbbüsü ilə, müxtəlif partiyaların üzvləri və eləcə də, xarici vətəndaşlar dəfələrlə dairəmizin məntəqələrində olublar, seçici siyahılarına baxıblar.Növbədənkənar parlament seçkilərinə tam hazır vəziyyətdəyik.

Gəncədə ilk dəfə səs verəcək seçicilərdən 3 nəfərinin 18 yaşı elə seçki günü tamam olur. Şəhər üzrə ən yaşlı seçici isə 103 yaşı Yamən Babayevadır. Müxtəlif səbəblər üzündən seçki məntəqələrinə üz tuta bilməyənlər üçün daşınan qutular da nəzərdə tutulub.

Seymur Hüseynov - 37 saylı DSK-nın sədri: Dairə seçki komissiyamız öz işini Mərkəzi Seçki Komissiyasının tərtib etdiyi təqvim planına əsasən qurmuşdur.Hazırlıq işləri son mərhələdədir.Mərkəzi Seçki Komissiyası tərəfindən alt seçki komissiyaları üçün mütəmadi olaraq treyninqlər keçirilib.Bu da öz növbəsində komissiya üzvlərinin peşəkarlığının artırılmasına xidmət edir.

Gəncədə Kəpəz və Nizami rayonları üzrə Milli Məclisə 4 deputat seçilməlidir. Bu yerlər uğrunda isə 37 namizəd mübarizə aparır.