• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1905
— 04.02.2020 12:30

Gəncədə 63 mindən çox yeni iş yeri yaradılıb

KepezTV Player

Gəncədə cari ilin əvvəlinə layihə üzrə içməli su şəbəkəsinin 48 faizi və kanalizasiya şəbəkəsinin 29 faizi icra olunub. Şəhər tam şəkildə, ətraf qəsəbələr isə 99 faiz qazlaşdırılıb. Ötən ilin yekunlarına görə, 4 milyon 89 min manat vəsait Gəncə Şəhər İcra Hakimiyyətinin sərəncamına verilib. Bu isə öz növbəsində şəhərin sosial-iqtisadi inkişafına töhfəsini verməklə yanaşı, investisiyaların cəlb edilməsi və sahibkarlığın daha sürətli inkişafını təmin etmək üçün mühüm stimul yaradacaq. 2019-cu ildə şəhərə 266 milyon manata yaxın investisiya cəlb edilib. Onun 92 milyon manatı iş adamlarının payına düşüb.

Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı:2019-cu ildə ümumi məhsul buraxılışı 4,4 dəfə, sənaye 2,7 dəfə, əsas kapitala yönəldilmiş vəsait 59,7 dəfə, tikinti-quraşdırma işləri 132,8 dəfə artıb. 2019-cu ildə şəhər üzrə 3700-ü daimi olan 5286 yeni iş yeri açılıb. Ümumilikdə, 2003-cü ildən bəri 63 min 373 yeni iş yeri yaradılıb ki, onun da 53 min 586-sı daimidir.

Şəhərdə alçı və tikinti materialları istehsalı zavodlarında ilkin məhsul istehsalına başlanılıb, illik istehsal gücü 30 milyon ədəd müxtəlif ölçülü kərpic olan zavodda tikinti işləri sürətləndirilib. Bu sənaye müəssisələrinin istifadəyə verilməsi ilə 1000-ə yaxın şəhər sakini işlə təmin ediləcək. Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində üçmərtəbəli aqraryönümlü Peşə Təhsil Mərkəzinin, həmçinin dördmərtəbəli yeni tədris korpusunun tikintisi və Gəncə Dövlət Universitetinin üç korpusdan ibarət yataqxanalarının əsaslı təmiri işləri davam etdirilir. Ötən il eləcə də Gəncədə məktəblər və uşaq bağçaları inşa edilərək əsaslı təmir olunmuşdur.

Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı:Bununla yanaşı, 200 çarpayılıq Gəncə Şəhər Psixiatriya Xəstəxanasının tikintisi və tarix-memarlıq abidələri - Şah Abbas və Uğurlu Xan karvansaraylarında əsaslı təmir-bərpa işləri başa çatdırılıb. Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin, Gəncə Şəhər Uşaq Rəssamlıq Məktəbinin təmiri, Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin binasının əsaslı təmir-bərpası, Gəncə Dövlət Dram Teatrının yeni binasının və İdman Sarayının tikintisi işləri sürətlə davam etdirilir.

Gəncədə sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binalarının tikintisi ilə yanaşı, mövcud çöxmərtəbəli binaların fasad və dam örtükləri əsaslı təmir edilib, 93 ədəd lift yenilənib, 119 küçə və prospektdə yeni asfalt örtüyü salınıb və müasir işıqlandırma sistemləri quraşdırılıb, Gəncəçay çayı üzərindəki 5 körpüdə təmir-bərpa işləri başa çatdırılıb. Şəhərdə əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın-mexanizm parkı da qismən yenilənib.