• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2074
— 31.01.2020 19:36

Gəncəli futbolçu xarici kluba keçib

KepezTV Player

"Kəpəz"in sabiq futbolçusu Tural Rzayev yenidən legioner həyatı yaşayacaq. O, bundan sonra karyerasını Gürcüstan çempionatında davam etdirəcək.

Qonşu ölkənin Birinci Divizonunda çıxış edən Martvili şəhərinin "Merani" komandası ilə 26 yaşlı yarımmüdafiəçi arasında bir illik müqavilə imzalanıb. Son klubu "Kəpəz" olan Tural, Gəncə futbol məktəbinin yetirməsidir. Peşəkar futbolçu karyerasına "Neftçi"nin 17 yaşlılardan ibarət komandasında başlayan Rzayev, daha sonra “ağ-qaralar”ın əvəzedici heyətində, o cümlədən aşağı liqada "Ağsu" və "Zirə" kollektivlərində çıxış edib. Gürcustan komandası futbolçunun karyerasında ikinci xarici klub olacaq. Belə ki, Tural ilk dəfə 2018-ci ildə legioner həyatı yaşayıb. Futbolçu Litvanın Yüksək Liqasında çıxış edən Yonava şəhərinin eyni adlı komandasında top qovaraq, 16 oyunda bir qola da imza atıb. 2019-cu ilin yanvar ayında yenidən "Kəpəz"ə qayıdan orta xətt oyunçusu, doğma klubunda may ayına qədər çıxış edib. Son 6 ayda isə o, klubsuz olub və fərdi halda məşqlərlə kifayətlənib.