• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2023
— 31.01.2020 19:59

Sərhədləri aşan könüllülük

KepezTV Player

Bu gün dünyanın bir çox ölkəsində milyonlarla insan könüllülük fəaliyyəti ilə məşğuldur ki, onların da əksəriyyətini gənclər təşkil edir. Bu fəaliyyət daxili sərhədləri aşarsa, daha da maraqlı və faydalı olur. Bu fikri əbəs yerə səsləndirmədik. İndi öz daxilində olan sərhədləri aşaraq könüllü kimi çalışan gəncləri Valeh Anaroğlunun hazırladığı materialda Sizə daha yaxından tanıdacağıq.

Nazənin Quliyeva - könüllü: Könüllülük əvvəlcə şəxsi inkişafı təmin edir. İnsanı sosial mühitə öyrəşdirir. Vətəndaşlarla işləmək bacarığını formalaşdırır. Ünsiyyətə daxil olursan. Vətəndaş axınının idarə olunması, onların məmnun qayıtması üçün əlimizdən gələni edirik. Bir sıra müxtəlif ərizələrin yazılmasında öz töhfələrimizi veririk.

Gənclərin, tələbə və məzunların bilik və bacarıqlarının inkişafı, vətəndaş məmnunluğunun artırılması, vətəndaşlar arasında könüllülüyün təbliği məqsədi ilə müvafiq qanunvericiliyə uyğun olaraq ölkədə könüllü fəaliyyət həyata keçirilir. İctimai faydalı və gəlirsiz fəaliyyət hesab olunan könüllülük işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı fəaliyyəti özündə ehtiva edir. Azərbaycanda könükkülük hərəkatının əsası ASAN Xidmət tərəfindən qoyulub desək, heç də yanılmarıq.

Elman Məmmədov - Gəncə ASAN Xidmət Mərkəzinin böyük məsləhətçisi: ASAN Xidmət Mərkəzinin könüllüləri öz gizli bacarıqlarını burada aşkara çıxara bilirlər. Aktyorluq, musiqi bacarıqları olan könüllüləri var ki, müxtəlif tədbirlərin, tamaşaların hazırlanmasında öz töhfələrini verirlər. İstedadı olan müxtəlif könüllülərimiz müxtəlif qurum və təşkilatlar tərəfindən işə götürülürlər. Öz potensiallarını reallaşdırırlar. Bütün gəncləri könüllü hərəkatına qoşulmağa dəvət edirəm. Könüllülər ASAN Xidmətə gəldikdə dövlət qurumlarının işi ilə yaxından tanış olmaq imkanı qazanırlar.

Könüllü fəaliyyət sahəsi yalnız biznes və dövlət sektorunu deyil, adətən üçüncü sektoru əhatə edir. Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında reallaşdırılır. Könüllülük fəaliyyəti insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlir. Lakin insanlar öz bacarıqlarını inkişaf etdirmək üçün də könüllülük edirlər.

Mirqədir Əliyev - könüllü: Biz könüllü olaraq biliklərimizi bacarığa çeviririk. Bu bacarığı isə gələcəkdə iş həyatımızda tətbiq edəcəyik. Könüllü kimi daha çox layihələr həyata keçiririk. Könüllülər vətəndaşların ərizələrini yazır, bağçada, sorğuda vətəndaşlara xidmət göstərməyə çalışırlar.

Bu gün dünyada ictimai və cəmiyyət maraqları naminə təmənnasız əmək sərf edən insanların sayı on milyonlarladır.Könüllülük ili elan edilən Azərbaycanda könüllü fəaliyyətin təşkilatçıları ölkə ərazisində könüllü fəaliyyəti həyata keçirmək üçün xarici könüllüləri dəvət edə bilərlər.

Hər zaman insanlar deyirlər ki, “kim nə əməl edirsə onun qarşılığını görür”. Yəni, Sizdə könüllü olaraq, sidq ürəklə heç bir mənfəət güdmədən gördüyünüz işin nəinki bir dəfə, hətda dəfələrlə, həyatınız boyu qarşılığını görəcəksiniz.