• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 834
— 31.01.2020 15:38

Akademikin 70 yaşı tamam olur

KepezTV Player

Gəncədə Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin 70 illik yubileyi qeyd edilib. Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov yubilyarı təbrik edərək, onun elmi və ictimai fəaliyyətinin gənclər üçün örnək olduğunu vurğulayıb. Fuad Əliyevə Gəncə şəhərinin ictimai həyatında fəal iştirakına və elmin inkişafındakı xidmətlərinə görə 70 illik yubileyi münasibəti ilə Fəxri fərman təqdim edilib. Daha sonra şəhər ziyalıları çıxışlarında Fuad Əliyevlə bağlı xoş xatirələrini bölüşüblər. Təbrik nitqlərində öz həyatını  Azərbaycanda kimya sahəsinin inkişafına həsr edən akademikin elmi fəaliyyətlə yanaşı, şəhərin ictimai-siyasi həyatında fəallığı da diqqətə çatdırılıb. Tədbirin yekununda akademik Fuad Əliyev göstərilən diqqətə və səsləndirilən təbriklərə görə minnətdarlığını bildirib. Fuad Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür, akademiyanın Rəyasət Heyətində təmsil olunur. Əməkdar elm xadimi olan akademik “Tərəqqi” medalı və “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Fuad Əliyev - AMEA-nın Gəncə bölməsinin sədri: 70 yaşında olmaq sözsüz ki, fəxrdir. Ömrümün 50 illini yalnız elmə, təhsilə həsr etmişəm. 40 ilə yaxındır ki, Gəncədə fəaliyyət göstərirəm... Sağlıq olsa elmi işlərimizi davam etdirməyə çalışacağıq.

İbrahim Cəfərov - ADAU-nun rektoru: Bu gün Azərbaycan, Gəncə ziyalılarının böyük bayramıdır. Hesab edirəm ki, Fuad müəllim nəinki Gəncə ziyalılarının, Azərbaycan akademik mühitinin ən dəyərli alimlərindən biridir...Bu günkü əziz gündə onu təbrik edir, can sağlığı, uzun ömür arzulayıram.