“Çində olan 4 azərbaycanlı tələbə dünən gecə ölkəyə gətirilib”. Bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov deyib. Qeyd edib ki, tələbələr digər insanlarla ünsiyyətdə olmaması üçün Dövlət Sərhəd Xidməti və Gömrük Komitəsinin xüsusi ayırdığı keçiddən keçiblər.Daha sonra bağlı tibb müəssisəsinə aparılıblar. Onların valideynlərinə izah olunub ki, tələbələrdə hər hansı bir xəstəlik əlamətləri aşkar edilməyib. Tədbirlər ona görə görülür ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun inkubasiya müddətini 14 gün təyin edib. Yəni, koronavirus 14 gün ərzində özünü biruzə verə bilər. Tələbələrin yerləşdirildiyi tibb müəssisəsində onlar üçün hər cür şərait yaradılıb. Bu barədə onların yaxınlarına da məlumat verilib ki, əgər 14 gün ərzində tələbələrin səhhətində hər hansı bir dəyişiklik olmasa, rahatca evlərinə yola salınacaqlar. Bu arada onu da qeyd edək ki, Azərbaycanda koronavirusla bağlı bu gün İşçi Qrupu yaradılıb. İşçi Qrupuna Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” kimi qurumların nümayəndələri daxildir.
- Baxış: 473