İndi cəmiyyətdə olan az qala bütün qüsurlara, çatışmazlıqlara görə interneti günahkar bilirlər. Mənəviyyat korlanıb – internetdir günahkar, gənclər kitab oxumur – internetdi günahkar, insanlar arasında real ünsiyyət azalıb – yenə günahkar internetdir. Belə bir təsəvvür yaranır ki, internet insanların bəlasına çevrilib. Halbu ki, internetdən böyük fayda da görmək olar. Məsələn, maddi qazanc kimi...
Tellan Zeynalova Tik-tok, Youtube platforması ilə məşhurluq qazanan gəncəli gənclərdəndir. 16 yaşlı aktiv internet istifadəçisinin videolarına baxış sayı 1 milyondan artıqdır.
Yeniyetmənin fikirincə, internet bu gün gənclərin ən çox əyləndiyi məkandır. Sözügedən sahəyə marağın günü-gündən artması da məhz bununla bağlıdır. Amma, sözsüz ki, məsələnin maddi tərəfləri də var.
Fəal olduğu platformaların dərslərinə müəyyən qədər maneə olduğunu etiraf edən Tellan yutubdan 100 dollardan artıq gəlir əldə etsə də, hələ ki, ondan istifadə etməyib. Hazırda 10-cu sinifdə təhsil alan balaca xanımın əsas məqsədi ali təhsil alıb, tanınmış jurnalist olmaqdır.
Hər halda kənardan nə qədər cəlbedici, əyləncəli görsənsə də, bu işin də çətinlikləri var. Youtubeda çoxlu izləyici, abunəçi qazanmaq üçün nələrisə qurban vermək lazımdır. Ən azından şəxsi həyata ayıracağınız vaxtın böyük bir hissəsini... Həm də bunun nəticəsində uğur qazanıb-qazanmayacağınız da böyük sual altındadır. Amma buna baxmayaraq risk edənlərə, cəhd göstərənlərə uğurlar arzulayırıq.
- Baxış: 1325