• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1927
— 29.01.2020 19:30

100 min ağac, 500 mindən çox gül-çiçək

KepezTV Player

100 minə yaxın müxtəlif növ ağac, 500 minə yaxın rəngarəng gül-çiçək kolu, həmişə yaşıl dekorativ ağaclar. Yaz fəslində Gəncənin park və xiyabanlarını, istirahət güşələrini bəzəyəcək bu bitkilər hazırda əkinə hazırlıq mərhələsindədir. Fevralın ortalarından onların əkininə başlanılacaq.

Şəhər Yaşıllaşdırma İdarəsinin Gülçülük sahəsinin 12 ha-lıq ərazisində becərilən ağaclar və gül kolları payız fəslində əkilib. Hazırda bitkilərdən 50 min Eldar şamı, 30 min Xan çinar, 20 min sərv ağacının yaz əkini üçün hazırlılığı gedir. 150 min qızıl gül olmaqla müxtəlif növ gül-çiçək kolları da Gəncənin park və küçələrini bəzəyəcək.

Nazı Bağırova - gülçülük sahəsinin rəisi: Hazırda əkilən toxumlar yaza hazır vəziyyətdədir. Təxminən 20 minə yaxın bənövşələr, 40 minə yaxın balaca ramaşka gülləri var. Müxtəlif növ dibçək güllərimiz var ki, yaz əkininə hazır vəziyyətdədir. Yay fəslində əkilən kanna gülləri var ki, yay boyu bütün şəhəri bəzəyir.

Gəncənin 17 park və xiyabanı ümümilikdə 760 ha ərazi yaşıllıqla əhatə olunub. Ötən il şəhər ərazisində müxtəlif növdən olan 85 min ağac, 330 min gül-çiçək kolu əkilib. Yaşıllığı qoruyub saxlamaq üçün subartezian quyularından istifadə olunur.

İxtiyar İsgəndərov - Gəncə Şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin şöbə rəisi: Bu yaxınlarda komunal təsərrüfat birliyinin qarajına 10 ədəd su maşını gətirilib. Komunalın balansında 25 ədəddən çox artezian quyuları var ki, hazırda işlək vəziyyətdədir. Şəhərdə bəzi yerlərdə 5 min kvm qazon üçün yer hazırlanıb. Martın 10-dan sonra həmin qazonlara toxum səpilib becəriləcək.

Gəncədə ötən il həmçinin 20 minə yaxın finq, siqas, leylandra kimi dekorativ ağac kolları da əkilib. Bu il daha 10 minə yaxın dekorativ ağacların əkilməsi nəzərdə tutulur.