Honkonqdan olan tədqiqatçılar qrupu yeni növ koronavirusa qarşı vaksin hazırlayıblar. Bunu Honkonq Universitetinin mikrobioloqu Yuen Kvok-Yunq deyib. Mikrobioloq bildirib ki, "Biz artıq vaksini yaratdıq, lakin dərmanı heyvanların üzərində sınamaq üçün uzun müddət lazım gələcək". Onun sözlərinə görə, heyvanlar üzərində sınaqlar aylar, insanlar üzərində kliniki sınaqlar isə azı bir il çəkə bilər. Eləcə də Çin koronavirusun genomunu Rusiyaya verib və iki ölkə ailmləri virusa qarşı birlikdə vaksin hazırlayırlar. Koronavirus genomu verildikdən sonra Rusiyanın alimləri insanda virusun mövcudluğunu 2 saata təsdiq etməyə imkan verən ekspress testlər tətbiq ediblər. Çində yeni növ koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb. Onlardan 132 nəfəri ölüb, 60 nəfəri isə sağalıb. Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb. Bu arada yanvarın 1-dən Azərbaycana gələn, ölkədə 15 gündən artıq qanuni əsaslarla olan və yaşayan Çin vətəndaşlarının sayı 79 nəfərdir. Hazırda Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə danışıqlar aparır və koronavirusların aşkar edilməsi üçün lazım olan testlərin yaxın zamanlarda Azərbaycana gətirilməsi nəzərdə tutulur.
- Baxış: 478