Ehtiyat qüvvə çempionatın ikinci dövrəsinə səylə hazırlaşır. İlham Səmədovun çalışdırdığı komanda üçün qış fasiləsi yanvarın 5-də başa çatıb. Kollektiv Gəncə şəhər stadionunun süni örtüklü meydançasında plan üzrə məşq edir. Məşqçilərin sərancamında 30 futbolçu var.
17 yaşlılar fasilə müddətində 3 yoxlama oyunu keçiriblər. Səmədovun yetirmələri “Kəpəz”in əsas komandası ilə yanaşı, klubun 15 yaşlıları və Region Liqasında Gəncəni təmsil edən “Qoşqar” ilə qarşılaşıblar. Kollektiv çempionatın startına kimi daha bir neçə sınaq görüşü keçirməyi planlaşdırır.
Əsas komandanın baş məşqçisi Yaşar Vahabzadə gənclərlə işləməyə üstünlük verməsi 17 yaşlı futbolçuları daha da stimullaşdırır. Səmədovun yetirmələri özlərini ən yaxşı tərəfdən göstərmək və bununla da əsas komandaya düşmək üçün ciddi cəhdlə çalışırlar.
17 yaşlıların çempionatında ikinci dövrəyə fevralın 8-də start veriləcək. “Kəpəz”in müvafiq komandası 15-ci turda evdə “Tufan”la oynayacaq. İlk dövrədən sonra “sarı-göylər” 14 komandalı çempionatda 10-cu pillədə qərarlaşıblar.
- Baxış: 1087