I Divizionda qərb futbolunu təmsil edən iki klubdan biri olan “Turan Tovuz” çempionatın ikinci dövrəsinə hazırlığı davam etdirir. Komanda qış fasiləsindən maksimum şəkildə yararlanmağa çalışır.
Tovuzlular yanvarın əvvəlindən məşqlərə start veriblər. Gənc mütəxəssis İlham Yadullayevin rəhbərlik etdiyi kollektiv məşqlərini doğma rayonda keçirir.
Hazırlıq dövründə “Turan Tovuz” ilk yoxlama oyununu da çıxıb. Komanda Gəncədə “Kəpəz”lə qarşılaşıb və meydandan 1:1 hesablı bərabərliklə ayrılıb. Bu görüşdə qonaqlar heyətə dəvət etdikləri yeni futbolçuları da sınaqdan keçiriblər.
Qərb klubu birinci dövrənin nəticələrinə əsasən qış fasiləsinə turnir cədvəlində 3-cü pillədə yollanıb. “Turan” 12 oyuna 24 xal toplayıb.
“Turan Tovuz” çempionatın II dövrəsinə ev oyunu ilə başlayacaq. Yadullayevin yetirmələri fevralın 7-də doğma meydanda “Səbail-2” komandası ilə üz-üzə gələcək.
- Baxış: 466