• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1612
— 21.01.2020 18:36

Valideyn məsuliyyətsizliyinin sonrakı peşmançılığı

KepezTV Player

Yeniyetmə və gənclərin iştirakı ilə baş verən qəzalar, şahidi olduğumuz xoşagəlməz hallar nəinki valideynləri, elə cəmiyyət üçün də arzuolunan və qəbuledilən hal deyil. Kimisi baş verənlərdə valideynləri qınayır, kimisi, övladlarının ətrafında olan kəsləri, kimisi də elə cəmiyyəti. Bir növ adiləşməyə başlayan bu hal təbii ki, cəmiyyətin də, valideynin də üzərinə məsuliyyət qoyur.

Tez-tez rast gəlirik – uşağın üstünə qaynar su töküldü, yeniyetmə dalaşdı və ya bıçaqlandı, təcrübəsizlik avtomobil qəzası ilə nəticələndi və s. bu kimi xəbərlərə. Hər dəfə də heyfislənirik, köks ötürüb görən öldümü, qaldımı deyə fikirləşirik, yazıq valideyninə deyərək növbəti analoji xəbərlərlə rastlaşırıq. Amma yeniyetməyə qəza törədəndə, uşağın əli ətçəkən maşında qalanda, uşaq su kanalına düşüb boğulanda hamını bir sual düşündürür – valideyni hara baxırdı?

Məlahət İsmayılova - valideyn: Övladlarımızı zərərli vərdişlərdən qorumalıyıq.Günah valideyndədir. Uşağı tərbiyə etmək lazımdır. Uşaq da anasını atasını başa düşməlidir. Mən öz övladımla bir-birimizi bəzən başa düşmürük. Mən onu tənbeh edirəm.Maşın istəyir, almırıq. Bilirik ki, qəza törədəcək. Uşaqlarımızın qədrini bilməliyik.

Yunis Əliyev - valideyn: Uşaqlar üçün qanunlar var. Maşın sürməyə 18 yaşından sonra icazə verilir. Valideyn də diqqət etməlidir ki, bu uşaq maşın sürməyə qadirdir yoxsa yox. Əgər idarə edə bilirsə almaq olar. Hər şeyin yerini bilmək lazımdır. Gənclər gələcəyi düşünməlidir.

İnkişaf etmiş ölkələrdə valideynlər məsuliyyətsizliyə görə cəzalandırılır, bəzən valideynlik hüququndan da məhrum edilir. Bəzi Avropa ölkələrinin təcrübəsinə görə, uşaq nəzarətsiz qaldıqda o, valideyndən alınır və sosial xidmət müəssisəsinə verilir. Eyni zamanda, öz məsuliyyətini dərk etməsi üçün psixoloq və digər mütəxəssislər valideynlə iş aparır. Vəziyyət müsbətə doğru dəyişdikdən sonra isə uşaq valideyninə qaytarılır.

Aygün Babayeva - psixoloq: Valideyn məsuliyyətsizliyi ucbatından uşaqların faciəli şəkildə dünyasını dəyişməsi halları çoxalıb.Bunun bir çox səbəbləri var. Əsas səbəbi məsuliyyətsizlikdir. Ana uşağı ana südü ilə qidalandırmalıdır. Ana rəfiqələri ilə, telefon ilə, sosial şəbəkələr ilə yox, daha çox öz övladı ilə məşğul olmalıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan "Uşaq hüquqları haqqında" qanun layihəsində yalnız uşağın tərbiyəsi deyil, onun sağlamlığı və təhlükəsizliyi də nəzərə alınacaq. Layihəyə əsasən, əgər uşağın evdə nəzarətsiz, tək qalması aşkarlanarsa, valideynə xəbərdarlıq ediləcək, o cərimələnəcək. Əgər valideyn bu xəbərdarlıqlardan nəticə çıxarmazsa, valideyn məhkəmə qaydasında valideynlik hüququndan məhrum ediləcək. Atılan addımlar valideynləri övladına qarşı daha məsluliyyətli etməyə hesablanıb.

Eşqin Qasımov - polis əməkdaşı: Qanunla nəzərdə tutulan yaş həddinə çatmış, yol hərəkəti qaydalarını bilən, sağlamlıq imkanları uyğun olan, sürücülük vərdişi, hüququ və bacarıqları olan şəxslər ölkə ərazisində avtomobil idarə edə bilər.Sürücülük hüququ olmadan avtomobil idarə etmək inzibati məsuliyyət yaradır.Bu zaman avtomobili idarə edən, hətta avtomobil sahibi cərimə oluna bilər.Əfsuslar olsun ki, bəzən valideynlər sonraki hadisələri düşünmədən, məsuliyyətini anlamadan avtomobilini övladlarına verir.Bu zaman isə nəticə heç də ürəkaçan olmur.

Valideyn çalışırsa, məşğuldursa, zamanı işdə keçirsə, işləməyinin əsas səbəbi də övladıdır. Övladını düşünməyənlər işə o qədər də can yandırmırlar. Valideyn məsuliyyətsizliyinin onun məşğul olması ilə heç bir əlaqəsi yoxdur. Hər bir valideyn övlad sahibi olan zaman onun məsuliyyətini dərk etməlidir. Dərk etməlidir ki, onu tez itirməsin.