Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz Rayon Polis İdarəsinə şəhər sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Osman Mərdanovun üzərində silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal Mərdanovun izinə düşən asayiş keşikçiləri onu saxlamağa müvəffəq olublar. Polis İdarəsində saxlanılan şəxsin üzərində axtarış aparılan zaman ondan 1 ədəd üstündə “Makarov” sözü yazılan qaz tapançası aşkar olunaraq götürülüb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Mərdanovun yaşadığı evə də baxış keçirilib, oradan sellofan torbaya bükülmüş, buraxılış ili və nömrəsi silinmiş odlu silah, həmin silaha aid patronlar aşkarlanaraq götürülüb. Saxlanılan Osman Mərdanov Rusiya Federasiyasında quldurluq etdiyi üçün məhkumluq həyatı yaşayıb və kriminal aləmdə “Osman Gəncinski” kimi tanınır.
Füzuli Şıxıyev - Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat bölməsinin rəisi: “Yaşadığı ünvana baxış zamanı “Kalaşnikov AK 74” markalı avtomat, 1 ədəd həmin avtomata aid daraq və 30 ədəd 5.45 mm kalibirli avtomat güllələri aşkar edilərək götürülüb. Faktla bağlı tərəfimizdən araşdırmalar davam etdirilir”.
Osman Mərdanov - saxlanılan şəxs: “Kalaşnikov evdə durmuşdu. Tapançanı üstümdə saxlayırdım. Belə də, dostlu-düşmənli adamam. Mən kimisə vurmamışam. Silahdır, üstümdə saxlayırdım”.
- Baxış: 2351