Qərb bölgəsinin rayonlarında da 30 il əvvəl baş verənlərə xronoloji ardıcılıqla nəzər yetirilib. Kütləvi insan axnın müşahidə olunduğu anım tədbirlərində şəhidlərin əziz xatirəsi yad edilib, qəhrəmanlıqlarından danışılıb.
Otuz il əvvəl, yanvarın 19-dan 20-nə keçən gecə Sovet hərbi hissələrinin Bakıya silahlı basqını, dinc, əliyalın insanların, o cümlədən uşaqların, qadınların, qocaların gülləbaran edilməsi, bu zaman hətta qadağan olunan silah və sursatlardan istifadə olunması Azərbaycan tarixinin qanla yazılan səhifələrindəndir. Hər bir azərbaycanlının şüuruna əbədi həkk olunan bu hadisə Şəmkirdə şəhidlərinin abidə komleksinin önünə toplaşan minlərlə sakinin iştirak etdiyi anım mərasimində pislənib. Bakıda baş verənlərə ümummilli lider Heydər Əliyevin böyük şücaətlə verdiyi kəskin reaksiyadan danışılıb. Məktəblilərin ifasında əbədi-bədii kompozisya təqdim olunduqdan sonra 20 yanvar abidə komleksindən şəhidlər xiyabanına yürüş baş tutub. Hərbi orkestrin müşayəti ilə 5 kilometrə yaxın məsafəni qətt edən ictimaiyyət nümayəndələri 20 yanvar tarixinin qəhrəmanlıq səlnaməsi olduğunu nümayiş etdiriblər. Yürüş iştirakçıları şəhid məzarlarına qərənfillər düzüb, vətənin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçənlərin xatirəsinə ehtiramlarını ifadə ediblər.
Göygöl ictimaiyyəti də rayon mərkəzindəki şəhidlər xiyabanına yürüş ediblər. Azadlığımızın bərpası yolunda ilk şəhidlərin verildiyi Qanlı Yanvar gecəsi cəsarətin, fədakarlığın, milli məfkurənin dönməz oyanışının əyani təcəssümü kimi dəyərləndirilib. Baş verən hadisələr xalqımızın azadlıq arzusunun, müstəqillik idealının 70 il davam edən sovet hərb maşınının repressiyasına rəğmən sönmədiyini, əksinə, yeni güc qazandığını bir daha nümayiş etdirdi. Bununla Azərbaycan xalqı zülmə, ədalətsizliyə və zorakılığa boyun əyməyəcəyini, milli iradəsinin sarsılmazlığını təkcə imperiya rəhbərliyinə deyil, bütün dünyaya göstərib. Rayon sakinləri şəhidlər xiyabanında torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarının məzarını ziyarət edib.
Samuxda da xalqımızın qan yaddaşına qürur günü kimi əbədi həkk olunan 20 Yanvar hadisəsinin otuzuncu ildönümü silsilə tədbirlərlə yad edilib. Tədbir iştirakçıları əvvəlcə məktəblərinin qanlı yanvar faciəsi ilə bağlı rəsm sərgisi ilə tanış olublar. Samuxlu yeniyetmələr həmçinin 20 yanvara həsr olunan ədəbi bədii kompazisya nümayiş etdiriblər. Minlərlə rayon sakini Samux şəhərinin mərkəzi küçəsi ilə şəhidlər abidə kompleksnədək yürüş edib. Mərasimdə Qanlı Yanvar gecəsi sovet hərbiyyəsinin torpaqlarımızın azadlığı, Azərbaycanın suverenliyi uğrunda dinc mübarizəyə qalxan silahsız insanları gülləbaran edərək vəhşicəsinə qətlə yetirmələri xatırlanıb. Şəhidlərin xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər çiçəklər düzülüb.
20 Yanvar hadisəsi Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu fikirlər Kəlbəcər rayon ictimayyətinin iştirakı ilə şəhidlər abidə kompleksinin önündə keçirilən anım tədbirində səslənib. Qarabağ döyüşlərində 500 şəhid verən rayonun 1 sakinin 20 yanvarda həlak olduğu vurğulanıb. Bütün şəhidlərin ruhuna dualar oxunduqdan sonra bir dəqiqəlik süküt olub. Ardından Kəlbəcər şəhidlərinin abidə kompleksinin önünə əkililər qoyub, gül dəstələri düzüb.
Qazax ictimaiyyəti də Şəhidlər Xiyabanının önünə toplaşıb torpaqlarımızın azadlığı uğrunda canından keçən mərd mubarizləri yad ediblər. Ədəbi-bədii kompozisiya nümayiş etdirilib. 30 il əvvəl doğma yurdunun, xalqının azadlığı, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə Qazax rayonunun da şəhidlər verdiyi vurğulanıb.
Natiq Hüseyn
- Baxış: 926