Tədbirdə Gədəbəy və Gəncənin idman ictimaiyyətinin, Gənclər və İdman nazirliyinin nümayəndələri, müxtəlif idman federasiyalarının üzvləri, paralimpiya oyunlarının qalibi Ramil Qasımov və digər qonaqlar iştirak edib. Toplantıda son illərdə Azərbaycanda idmanın inkişafı və kütləviliyinin artırılması istiqamətində hərtərəfli addımların atıldığı, əməli fəaliyyət planının, Dövlət Proqramlarının uğurla icra olunduğu və həyata keçirilən işlərin öz müsbət nəticələrini verdiyi vurğulanıb.
İdmanın inkişafının rayonlarda da uğurla həyata keçirildiyi, bölgələrdə olimpiya idman kompleksləri tiklib istifadəyə verildiyi bildirilib. Bu mənada Gədəbəy Gənclər İdman Klubunun fəaliyyəti də qeyd olunub. Klub 2017-ci ildə taekvondo üzrə 3-cü dan qara kəmər ustası, bir çox respublika və beynəlxalq yarışların qalibi və mükafatçısı, hazırda isə məşqçi kimi fəaliyyət göstərən Beyrək Bağırov tərəfindən təsis edilib.
Klubda müxtəlif yaş qruplarından olan 70-dən çox idmançı olimpiya idman növü olan taekvandonun sirrlərinə yiyələnir. Taekvandoçular 2 il ərzində bir çox respublika və beynəlxalq əhəmiyyətli yarışlarda uğurla iştirak edərək medal və kuboklara sahib olublar. Gədəbəy idmançılarından Süleyman Həsənov Almaniyada Avropa birinciliyində bürünc medala layiq görülməklə rayon idmanı üçün tarixi nailiyyətə imza atıb.
Tədbirin davam edən hissəsində 2019-cu il ərzində davamlı olaraq uğurlu nəticələr göstərən idmançılar təltif olunub. Onlara fəxri fərman və digər həvəsləndirici hədiyyələr təqdim edilib.
Gədəbəy Gənclər İdman Klubunun inkişafı istiqamətində dəstək verən şəxslər də unudulmayıb. O, cümlədən “Kəpəz” televiziyasının əməkdaşları media dəstəyinə görə fəxri fərmanla mükafatlandırılıb.
- Baxış: 1409