Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsindən Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında Biləsuvar gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq onunla şifahi sorğu-sual aparılıb. Üzərində qadağan olunmuş predmetlərin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin və digər əşyaların olub-olmaması soruşulub. Xanım vətəndaş isə öz növbəsində onda qadağan olunmuş heç bir predmet olmadığını deyib. Sonra onun üzərində şəxsi yoxlama aparılıb və qanunla qadağan olunmuş hər hansı predmet aşkar edilməyib. Lakin, daxili orqanlarında narkotik vasitə olduğu ehtimal edildiyindən həkim müayinəsindən keçirilməsi zərurəti yaranıb. Bundan sonra xanım vətəndaş Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Müayinə zamanı onun daxili orqanı - düz bağırsağından, gömrük nəzarətindən gizlədilmiş 6 ədəd bükümdə, ümumi çəkisi 99 qram təşkil edən açıq qəhvəyi rəngli, narkotik vasitə - heroin və ümumi çəkisi 70 qram təşkil edən ağ rəngli, xırda kristallik halda psixotrop maddə - metamfetamin aşkar edilib. Fakt araşdırılır.
- Baxış: 405