Şəmkirdə mini-futbol üzrə turnir keçirilib. Yarış pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin xatirəsinə həsr olunub.
2019-cu ildə aviaqəza nəticəsində həlak olan Rəşad Atakişiyev əslən Şəmkir rayonunun Qılıncbəyli kəndindəndir. 34 yaşında dünyasını dəyişən hərbi pilot Bakıda ikinci Fəxri xiyabanda dəfn edilib. Yerli Olimpiya İdman Kompleksində təşkil olunan yarışda mükafatlar uğrunda 4 komanda qüvvəsini sınayıb. Kollektivlər olimpiya sistemi üzrə mübarizə aparıb. Gərgin keçən turnirin nəticələrinə əsasən, Düyərli kəndinin futbolçuları 1-ci yeri tutub. Onların finalda məğlub etdiyi Şəmkir şəhər komandası 2-ci olub. Çaparlı kənd komandası isə 3-cülüklə kifayətlənib.
Yarışın bağlanış və mükafatlandırma mərasimində Rəşad Atakişiyevin yaxınları ilə yanaşı, Şəmkirin idman ictimaiyyətinin nümayəndələri də iştirak edib. Şəhid pilotun əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər polkovnik-leytenantın keçdiyi şərəfli ömür yolundan, döyüş tapşırıqlarını yüksək səviyyədə icra etməsindən, Vətənə, Dövlətə, Millətə bağlılığından söz açıblar. Daha sonra fəxri yerləri tutan komandalar mükafatlandırılıb. Həvəskar statusunda olan futbolçulara fəxri fərman, medal, qalib komandaya isə həm də kubok təqdim olunub.
- Baxış: 966