2019-cu il ərzində Gəncədə sosial-iqtisadi inkişaf göstəriciləri ürək açandır. Statistik rəqəmlər də dinamizmin ilbəil müşahidə edildiyini göstərir. İlin yanvar-noyabr aylarında şəhərdə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 885 milyon manatlıq ümumi məhsul istehsal edilib ki, bu da əhalinin hər nəfərinə orta hesabla təxminən 2643 manata bərabər vəsait edir. Şəhər əhalisinə və digər istehlakçılara 357 milyon KVt.s-dan çox elektrik enerjisi, 128 milyon kub metrdən çox təbii qaz, 8286 min kub metrdən artıq su verilib. Hesabat dövrü ərzində şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 214 milyon manatdan çox, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz artıq vəsait yönəldilib. Ümumi sərmayənin 73,5 faizi dövlət, 26,5 faizi isə qeyri-dövlət bölməsinin payına düşüb. Şəhər informasiya və rabitə xidmətlərinin 90,3 faizi əhali tərəfindən istehlak olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 2,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərdən əldə olunan gəlir 1,5 faiz artıb. İstehlak məhsullarının və xidmətlərin qiymətlərində 5 faiz bahalaşma müşahidə olunub. Ərzaq məhsulları, içkilər və tütün məmulatları 9,8 faiz, qeyri-ərzaq məhsulları 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər isə 1,8 faiz bahalaşıb. 2019-cu il okyabrın 1-i qeydə alınan vəziyyətə əsasən, Gəncə şəhərində iqtisadi fəal əhalinin sayı 181,9 min nəfərə çatıb, onlardan 170,8 min nəfərini məşğul əhali təşkil edib. Yanvar-oktyabr aylarında şəhər iqtisadiyyatında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin eyni dövrünə nisbətən 14,5 faiz artıb, daha dəqiq desək, 423,3 manat olub. Həmçinin,dövlət bölməsində 424,3 manat, qeyri-dövlət bölməsində 421,6 manat təşkil edib. Cari ilin 10 ayı ərzində şəhərdə qeydə alınan hesabat dövründə əhalinin sayı isə 1258 nəfər artaraq, 335 min 301-ə çatıb.
- Baxış: 536