Kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı aqrar sahədə kooperativlərin inkişafına təkan verməklə birgə təsərrüfatçılıq formalarının iqtisadi mexanizmlərinin olmasını şərtləndirir. Bazar iqtisadiyyatının əsas prinsiplərindən sayılan rəqabət, adətən, kooperasiya münasibətlərinin inkişafına əks təsir göstərdiyindən fermerlər təsərrüfatlarının birləşməsi nəticəsində əldə olunan məhsulun və gəlirin ədalətli bölgüsündə ümumi razılığa gələ bilmirlər. Kooperasiya hərəkatını ləngidən bu səbəblər, eyni zamanda, kənd təsərrüfatı istehsalının ixtisaslaşması, infrastrukturun təmərküzləşməsi, istehsalçıların maliyyələşməsi, sahələrarası inteqrasiya və digər proseslərə də mənfi təsir göstərir. Azərbaycan Dövlət Aqrar Universitetində təşkil edilən elmi seminarda kooperativlərin əsas xüsusiyyətlərinin iştirakçıların öz müstəqilliyini saxlaması, demokratik idarəetmə forması, mənfəətin birgə bölüşdürülməsi olduğu vurğulanıb. Kooperasiya tipli təsərrüfat formalarının yaradılmasının qaçılmaz proses olduğu, xarici təcrübə və tədqiqatlar əsasında iri təsərrüfatlara üstünlük verilməsinin vacibliyinə toxunulub. Kənd təsərrüfatı kooperativlərinin inkişafının stimullaşdırılması üçün dəstək tədbirlərinin həyata keçirilməsinin də təqdirəlayiq olduğu önə çəkilib.
- Baxış: 275