Şəmkirdə rayon rəhbərliyi ilə yerli idmançıların görüşü keçirilib. Əvvəlcə Şəmkir idmançılarının 2019-cu ildə yerli və beynəlxalq yarışlarda qazandıqları müxtəlif əyarlı medallardan ibarət sərgi ilə tanışlıq olub. Onların iştirak etdikləri yarışlar və əldə etdikləri uğurlar barədə məlumat verilib. Şəmkirli idmançılar bu il yüzdən çox yarışda qüvvələrini sınayıblar. Olimpiya növləri üzrə 20 qızıl, 5 gümüş, 18 bürünc medal qazanıblar. Digər idman növləri üzrə isə 54 qızıl, 16 gümüş və 23 bürünc medal əldə edilib. Daha çox qalibiyyət güləş, taekvando və karate üzrə qeydə alınıb. Görüşdə idmanın inkişafı istiqamətində görülən işlərdən də danışılıb. Bu il rayon ərazisində iki meydança müasir tələblər səviyyəsində yenidən qurulub. Kəndlərdə mövcud olan bir neçə idman zalının təmiri ediləcəyi də diqqətə çatdırılıb. Görüşdə idman ictimaiyyətinin təklif və müraciətləri dinlənilib, idmançılara hədiyyələr təqdim olunub.
Emin İsmayılov - Şəmkir Rayon Gənclər və İdman İdarəsinin rəisi: “İdmançıların bundan sonrakı yarışlarda daha yaxşı çıxış etməsi üçün bu görüşlər əlavə stimul olacaq. Bundan sonrakı illərdə də Şəmkir rayonunda idmanın inkişafı ilə bağlı bir çox layihələr nəzərdə tutulub. Kəndlərdə idman meydançalarının və idman zallarının tikintisi qarşımızda duran ən əsas vəzifələrdən biridir. İdmançıların daha çox uğur qazanması üçün əlimizdən gələni etməyə hazırıq”.
Natiq Hüseyn
- Baxış: 808