Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Daşkəsən rayon filialının sədri işləmiş Bəxtiyar İsmayılovun ayrı-ayrı dövlət orqanlarında işə qəbul olunmaları, eləcə də “Qarabağ müharibəsi veteranı” adı verilməsi ilə bağlı vətəndaşları aldadıb onlara məxsus 14 min 700 manat pul vəsaitini ələ keçirməsi barədə Baş Prokurorluğa müraciətlər daxil olub. Müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Araşdırmalarla müəyyən edilib ki, bununla yanaşı, İsmayılov qulluq mövqeyindən sui-istifadə etməklə 26 nəfərə vəzifəli şəxsə rüşvət verilməklə sosial evlərin verilməsi, sosial yardım təyin edilməsi, əlillərə dövlət tərəfindən avtomobil verilməsi, habelə əlillik dərəcəsinin təyin edilməsini təşkil edəcəyi barədə yalan vədlər verib. Ümumilikdə 119 min 600 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, istintaq zamanı İsmayılovun Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq xəstəxanasının poliklinika bölməsinin sahə həkim pediatrı Mənzər Nəzərəliyeva ilə cinayət əlaqəsinə girərək 4 nəfərə əlillik dərəcəsinin təyin edilməsi üçün ümumilikdə 8500 manat pulu dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunub. Bəxtiyar İsmayılova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib. Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
- Baxış: 445