• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2582
— 11.12.2019 19:41

Gəncədə yeni idman zalı istifadəyə verilib

KepezTV Player

Son vaxtlar Gəncədə yerli idman infrastrukturunun, maddi-texniki bazanın yenilənməsi yolunda vacib addımlar atılır. Bu qəbildən Nizami yurdunda bu günlərdə daha bir idman zalı istifadəyə verilib.

Məşq zalı Gəncənin mərhum idmançısı, tanınmış kikboksinq ustası olmuş Elnur Alıyevin adını daşıyır. Zalın açılış mərasimində həyatını erkən yaşda itirən döyüşçünün doğmaları, mütəxəssislər, məşq yoldaşları, həmçinin dostları iştirak ediblər. Çıxış edənlər Elnur Alıyevin idman karyerasından söhbət açaraq onun əldə etdiyi nailiyyətlərdən danışıblar. Dəfələrlə Azərbaycanı beynəlxalq turnirlərdə, dünya çempionatlarında layiqincə təmsil edən, himnimizi səsləndirib, bayrağımızı yüksəldən Alıyevin ölkə idmanında ad qoyduğu vurğulanıb. Elnurun məşqçisi atası, respublikanın əməkdar məşqçisi İlqar Alıyev olub. O, 5 yaşından kikboksinqin sirlərini öyrənərək peşəkar və universal idmançı kimi yetişib.

Uzun illərdi ki, Gəncə idmanına xidmət edən İlqar Alıyev bir çox tanınmış, titullu idmançıların baş məşqçisi olub. Onun məşq bölməsindən dünya və Avropa çempionatları kimi nüfuzlu yarışların medalçıları çıxıb.

Müasir şəkildə qurulan və uyğun inventarlarla təchiz olunan zalda kikboksinqlə yanaşı digər döyüş növləri ilə də məşğul olmaq üçün hər cür şərait var. Burada növbəli halda gün ərzində 60-a yaxın idmançı məşq edə biləcək.