Gəncədə 26 saylı orta məktəb-lisey kompleksində “Kiçik addımlardan böyük nəaliyyətlərə” adlı layihəyə start verilib. Məqsəd sosial şəbəkələrdən asılılıq faktorunu aradan qaldırmaqla məktəblilər arasında sinifdən xaric oxuya maraq yaratmaq, onları kitaba və teatra həvəsləndirməkdir. Ailədaxili münaqişə, qadın zorakılığı, erkən nikah və qızların təhsildən uzaq tutulması kimi problemləri ictimailəşdirməklə təbligat işi aparmaq, həlli yollarını axtarmaq da qarşıya qoyulan vəzifədir. Layihənin təqdimatında çıxış edənlər qadınların dövlətin yaratdığı bütün imkanlardan yararlanması, təhsil alması, ictimai-siyasi proseslərdə fəal iştirakı üçün heç bir maneənin olmadığına diqqət çəkiblər. Bu istiqamətdə maarifləndirici işlərin görülməsi, şagirdlər arasında söhbət aparıb onların fikirlərini və bu kimi məsələlərə münasibətlərinin öyrənilməsinin önəminə toxunulub.
- Baxış: 1196