Ötən ay keçirilən əməliyyatla Ağstafada saxta alkoqollu içkilər hazırladığı aşkarlanan sexin sahibi həbs olunub. Rayonun Həsənsu kəndində yerləşən, fiziki şəxs İsmayılov Arzu Aydın oğluna məxsus istehsal obyektində 4 955 ədəd saxta aksiz markaları olan rulonlar və saxta aksiz markaları ilə markalanaraq satış məqsədilə saxlanılmış 1 036 ədəd müxtəlif adda kustar üsullarla hazırlanmış alkoqollu içkilər aşkar edilib. Faktla bağlı aidiyyəti üzrə Qida Təhlükəsizliyi Agentliyinə müraciət edilib. Agentliyin rəyinə əsasən, ekspertiza edilmiş araq məhsulları toksikoloji normalara cavab verməyib. Məhsulların içki kimi istehlakının insan orqanizmi üçün təhlükəli olduğu müəyyən edilib. Həmçinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi alkoqollu içkilər və aksiz markalarının saxta olduğu barədə rəy verib. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlanılıb və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə Arzu İsmayılov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
- Baxış: 634