• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1539
— 09.10.2019 18:58

“Gəncə” yenidən elitada!

KepezTV Player

Gəncənin kişilərdən ibarət eyniadlı komandası Azərbaycan basketbolunun xəritəsinə qayıdır. Nizami yurdunun təmsilçisi sabah startı veriləcək Super Liqada mübarizəyə qoşulacaq.

Sonuncu dəfə 2014-cü ildə elitada təmsil olunan “Gəncə” klubuna yenə Rizvan Səfərov baş məşqçilik edəcək. Son 5 ildə maliyyə məsələlərinə görə fəaliyyətini dayandıran kollektiv federasiyanın dəstəyi ilə bərpa olunub.

Komandanın heyətinə 12 basketbolçu cəlb olunub. Onlar arasında yerlilərlə yanaşı legionerlər də var. Kluba Ukrayna, Belarus və Moldovadan olan oyunçular dəvət edilib.

Gəncə basketbolun ən parlaq siması olan Amil Həmzəyev də doğma komandasına qayıdıb. Son illlərə kimi ölkə xaricində çıxış edən millinin əsas üzvü kapitan kimi “Gəncə”ni meydana çıxaracaq.

Nizami yurdunun komandası 2014-cü ildə Azərbaycan çempionatının gümüş mükafatını qazanıb. Hədəf dəyişməyib, kollektiv yenə mükafatlara iddialıdır.

“Gəncə” çempionata yarışın digər bölgə komandası olan “Zirvə-Astara”ya qarşı oyunla başlayacaq. Startı saat 19:30-a təyin olunan görüş “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək.

Azad Rəfi