• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1776
— 08.10.2019 12:28

Mercedes-Benz Vision EQS konseptini nümayiş etdirib

Mercedes-Benz şirkəti Frankfurtda işinə başlamış avtosalonda Vision EQS adlı dəbdəbəli elektrik sedanını təqdim edib. Bu konsepsiya elektrik güc aqreqatı ilə hərəkətə gələcək, növbəti nəsil S-Class sedanının əsasını təşkil edəcək. Konsept futuristik dizayna malikdir. Elektrokarın radiator barmaqlığı 940 ədəd işıqdiodlarından ibarətdir. Vision EQS dörd holoqrafik linza moduluna malik olan ön fənərlər ilə təchiz edilir. Linzalar dəqiqədə 2000 dövrə etsələr də, insan onları statik olduğunu görür. Bu hərəkətdən yaranan effekt sayəsində ön  fənərlərin qara rəngli radiator barmaqlığına "üzməsi" təsəvvürü yaranır.  Avtomobilin arxa hissəsi də 229 ulduz ilə bəzədilib və bu ulduzların hər biri işıqlanır. Konseptin interyerini yaradan zaman dizaynerlər dəbdəbəli yaxtalardan ilham aldıqlarını bildirirlər. Məsələn, ön panel yumşaq şəkildə salonun ön hissəsi boyu uzanaraq, qapı dirsəkaltı ilə bütöv ansambl təşkil edir. Mercedes nümayəndələri gələcəkdə Mercedes avtomobillərinin salon arxitekturasının məhz Vision EQS konseptindəki üslubda olacağını bildiriblər. İnteryerin tərtibat materiallarının seçiminə xüsusi diqqət yetirilib: salon kristal ağ rəngli mikrolifdən hazırlanmış material ilə üzlənib və əsl ağacdan hazırlanmış işləmələrlə bəzədilib. Birinci materialı plastik şüşələrin emalından, ikincini isə alman meşələrindən alıblar. Tavan tərtibatında okeandan yığılan zibildən emal edilmiş materialdan yararlanıblar. Mercedes-Benz Vision EQS konsepti ümumi gücü 476 at qüvvəsi olan iki elektromotor ilə hərəkətə gəlir. Elktromotorlar 100 kVs-lıq batareyadan qidalanır. Fırlanma anının intellektual paylanması sayəsində elektrosedan 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənir. Elektromobilin yürüş ehtiyatı 700 km təşkil edir. Batareyanın 80 faizinin 350 kVt-lıq terminaldan doldurulmasına 20 dəqiqə vaxt gərəkdir. İstehsalçı Vision EQS konsepsiyasının tamamilə sürücüyə yönəldildiyini bildirir və onu qəsdən üçüncü səviyyə avtopilot sistemi ilə təchiz edib. Alman istehsalçısı avtomobili hələlik sürücünün idarə etməli olduğunu hesab edir. Avtopilot sistemi şosse və ya tıxaclarda idarəetməni öz üzərinə götürə bilər, lakin əsas idarəetmə insanda olmalıdır.