• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 749
— 01.10.2019 11:01

Yaponlar pilotsuz avtobusu istismara veriblər

Dünya-aləmə yanacağı vedrələrlə işlədən iri ofrouderləri satıb, özləri yığcam və qənaətcil avtomobillərdən istifadə edən yaponlar bu dəfə də təəccübləndiriblər. Belə ki, Yaponiyanın Sotetsu Bus şirkəti ölkədə ilk pilotsuz marşrut avtobusunu işə salıb. Pilotsuz avtobus 14 oktyabra kimi test rejimində işləyəcək və arzu edən hər bir şəxs ondan pulsuz istifadə edə bilər. İndi təsəvvür edin ki, evinizin qarşısındakı dayanacaqda durub uzun-uzadı müxtəlif avazlı səs siqnalı verən avtobusları belələri ilə əvəzləyiblər. Pilotsuz avtobusun marşrutu o qədər də uzun deyil - cəmi 900 metrdir. Üstəlik avtobusun sürəti 20 km/saat həddində məhdudlaşdırılıb. Şirkətin hesablamalarına görə, avtobus səhər saat 10.00-dan 16.00-a kimi 16 gediş etməlidir. Yəni, hələlik pik saatlarında onun istifadəsi nəzərdə tutulmayıb. Bu müddət ərzində təhlükəsizliyi təmin etmək məqsədi ilə kabinədə şirkətin əməkdaşı oturacaq. Təhlükə yaranarsa, o vəziyyətə müdaxilə edərək, idarəetməni öz üzərinə götürəcək. Sınaqların nəticələrinə görə, şirkət dördüncü səviyyə avtopilot sisteminə malik olan pilotsuz avtobuslar partiyasını hazırlamağı planlaşdırır. Dördüncü səviyyə avtonom sistemlər sürücünün daimi diqqətini tələb etmir və nəqliyyat vasitəsini sərbəst şəkildə idarə edə bilər. Bu avtobuslar adi ictimai nəqliyyat ilə birlikdə tam ölçülü marşrut üzrə hərəkət edəcəklər.