• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1951
— 01.10.2019 11:15

Hyundai i30 N Project C modelini nümayiş etdirib

Beynəlxalq Frankfurt avtosalonunda Hyundai i30 N Project C modeli geniş kütlə qarşısında debüt edib. 600 nüsxəlik tirajla buraxılacaq avtomobil sürət aşiqlərini nə ilə cəlb edəcək? Əlbəttə ki, karbonla. Çünki Project C adındakı "C" hərfi də buna işarə edir. Eyni zamanda, bu hərf Namyanqdakı sınaq poliqonunun sürətli avtomobillər üçün nəzərdə tutulmuş Area C hissəsinə də eyham vurur.

Gücləndirilmiş hetçbekin kapotu, ön splitteri, arxa bamperdəki diffuzoru, kandar əlavələri və Sabelt kreslolarının arxa hissəsi karbondan hazırlanıb. Bundan başqa, i30 N Project C arxa oxda quraşdırılmış alüminium təkər topları, 22 kq çəkiyə qənaət etməyə imkan verən 19-düymlük OZ Racing döymə təkər diskləri ilə təchiz edilir. Bütün bu yeniliklər sayəsində hetçbek 50 kq "arıqlayıb".

Avtomobil daha sərt və qısa yaylara sahib olub ki, bu da klirensin 6 mm azalmasına gətirib çıxarıb. "Dietanı" da nəzərə alsaq, avtomobilin ağırlıq mərkəzi yer səthinə 8,8 mm daha yaxın olub. Bundan başqa, Hyundai mühəndisləri hərəkət rejimləri elektronikasını yenidən tənzimləyiblər. Bütün bu dəyişikliklərə baxmayaraq, hetçbekin mühərriki və transmissiyası dəyişilməz qalıb. Hyundai i30 N Project C də adi i30 N modeli kimi 275 at qüvvəsi hasil edən 2,0-litrlik T-GDI mühərriki və 6-pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir. Project C 100 km/saat həddinə 6 saniyəyə sürətlənir. Maksimal sürət 250 km/saatdır. Digər yeniliklər zamşa ilə üzlənmiş sükan çarxı, ötürmələr qutusunun dəstəyinin yeni başlığı və narıncı rəngli dekor elementlərdən ibarətdir. Yaxın zamanlarda model iki muftalı preselektiv "robot" ilə də təklif ediləcək.