Son illərdə Gəncə idmanının adına yazılan uğurlu nəticələrdə Əli Əliyevin də payı var. Bunu nəzərə alaraq onu Gəncə paurliftinqinin yeni siması da adlandırmaq olar.
Gənc paurluftinqçi mötəbər yarışlarda qazandığı nailiyyətlərlə diqqət mərkəzinə düşməyi bacarıb. 13 yaşından başlayaraq aktiv şəkildə idmanla məşğul olan Əliyev uşaqlıqda kikboksinqə meyl etsə də, tədricən paurliftinqə bağlanıb. Həmin dövrlərdə paurliftinq ölkəmizdə yeni idman növlərindən biri kimi populyarlaşmağa, sevilməyə başlayıb.
Paurliftinq insanın əzələ kütləsinin artırmasına, ideal bədən quruluşuna sahib olmasına, intensiv məşqlər zamanı ruh yüksəkliyinin və bədən tonusunun bərpasına kömək edir. Sadaladığımız amillər digər idman növlərində də var. Bununla belə fərqləndirən yönləri də var.
Yeniyetmə və gənclər arasında nəzərə çarpan nəticələr əldə edən Əli kişilər yaş kateqoriyasına adladıqdan sonra uğurlarının sayını və çəkisini daha da artırmağa başlayıb. O, 4 dəfə respublika çempionu və Azərbaycan
Kubokunun qalibi olub. Həmçinin, beynəlxalq səviyyəli turnirlərin də qalibi və mükafatçısı kimi fərqlənib.
Onun uğurları arasında 2014-cü Bakıda keçirilən Avropa Çempionatının qızıl medalı da var.
3 ildir ki, yığma komandanın əsas üzvlərindən biri olan Əli Əliyev dekarbda Rusiya paytaxtı Moskvada keçiriləcək dünya çempionatı gözləyir. 26 yaşlı idmançı mundialda özünü ən yaxşı tərəfdən göstərməyi hədəfləyib.
Hər bir idman növünün özünə məxsus çətinlikləri var. Odur ki, Əli paurliftinqlə yeni məşğul olanlara peşəkar idmançı kimi tövsiyyələrini verməyi unutmayıb. O, gəncləri idmanla aktiv məşğul olmağa çağırıb.
Ölkəmizi onun hüdudlarından kənarda layiqincə təmsil etməklə, yanaşı, Əli Əliyev həm də Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşıdır.
Azad Rəfi
- Baxış: 1109