Yollardan gələn bəla yenə xətasız ötüşmədi. Bakı və Goranboyda yaşanan olaylarda xəsarət alanlar var. İzləyək.
Bakı-Qazax avtomobil yolunun Goranboyun Borsunlu kəndi ərazisindən keçən hissəsində avtoqəza qeydə alınıb. Beynəlxalq yük daşımaları (TIR) ilə məşğul olan Türkiyə dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən "QAZel" markalı digər yük maşınına sürtünərək keçib. Nəticədə "QAZel"in sürücüsü Sabirabad rayonundan olan Namiq Ağayev xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Zərərçəkənin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Bakıdan Xırdalan istiqamətində hərəkətdə olan VAZ 2107 markalı maşının sürücüsü idarətməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Ağır bədən xəsarətləri alan sürücü əraziyə gələn təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. müayinələr aparılıb, qəzanın yüksək sürət səbəbindən baş verdiyi bildirilir. Paytaxtın Nəsimi rayonunda da yol qəzası baş verib. Hadisə Abbasqulu Ağa Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb. Rəşad Məmmədov idarə etdiyi "Toyota" markalı avtomobillə hərəkətdə olan zaman işıqforun qırmızı işığında hərəkətini davam etdirən "Jeep" markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə "Toyota"da olan sərnişin yüngül xəsarət alıb. Faktlarla əlaqədar araşdırmalar aparılır.
- Baxış: 632