• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1359
— 12.09.2019 12:30

Gürcüstana qarğıdalı ixracına başlanılıb

KepezTV Player

Azərbaycan Gürcüstana qarğıdalı ixracına başlayıb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu il qonşu ölkəyə 0,9 ton məhsul göndərilib. Gələcəkdə qarğıdalının ixrac coğrafiyasının genişlənməsi üçün münbit şərait var. Son 20 ildə Azərbaycan Dövlət Aqrar Universitetinin taxıl və paxlalı bitkilər laboratoriyasının təcrübə sahəsində qarğıdalı bitkisi üzərində çarpazlaşma və seçmə işi aparılaraq həm yüksək nəticələr əldə olunub, həm də genefond daha da zənginləşdirilib. Universitetdə aparılan elmi-tədqiqat işləri nəticəsində 2011-ci ildə ilk dəfə rayonlaşdırılmış "ADAU-80" yeni qarğıdalı sortu alınıb. Hazırda həmin sort respublikanın bir çox rayonlarında və fermer təsərrüfatlarında geniş şəkildə becərilir. Bu sort istər məhsuldarlığına, istərsə də yaşıl kütlə kimi istifadəsinə görə nəinki yerli, həm də xaricdən gətirilən sortlardan çox üstündür. Aqrar Universitetdə aparılan geniş elmi-tədqiqat işləri nəticəsində əldə olunan başqa bir sort - "Gəncə" 2014-cü ildən rayonlaşdırılaraq dövlət reyestrinə daxil edilib. Eyni zamanda, "Məhsuldar" adlı yeni qarğıdalı sortu da dövlət standartından müvəffəqiyyətlə keçib. Bu il ölkədə 32,9 min hektar qarğıdalı əkilib. Ötən illə müqayisədə bu il qarğıdalı əkini 4,1 faiz çox olub.