• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1028
— 02.09.2019 12:23

Məzunların hamısı tələbə oldu

KepezTV Player

Bu il Gəncə şəhəri üzrə ali məktəblərə qəbul olunmaq üçün sənəd verən 2236 məzundan 2023-ü imtahanda iştirak edib. Onlardan 1178 nəfəri respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olub. Nəticələrə görə, şəhərdəki orta məktəblər arasında İsrafil Məmmədov adına 27 nömrəli məktəb-lisey fərqlənə bilib. Məhz bu məktəbin xüsusi istedadlılar sinfinin 11-ciləri, 100%-lik nəticə göstərib. Şagirdlərin hamısı ali təhsil müəssisələrinə qəbul olublar.

İki mərhələli imtahan prosesi ilə formalaşdırılan “Xüsusi istedadlılar” sinfi İsrafil Məmmədov adına 27 nömrəli məktəb-liseydə 2011-ci ildən mövcuddur. Yarandığı gündən ənənəvi uğurlara imza atan həmin sinfin şagirdləri bu il də fərqlənməyi bacarıb. 11-cilərdən 2 sinfin məzunları tələbə adını qazanmağa nail olub. İmtahanlarda ümumilikdə, 10 nəfər 500, digər 10 nəfər isə 600 baldan yüksək nəticə göstərib.

İbrahim Ramazanov - tələbə: Bu nəticəni gözləyirdim. Çünki sınaqlara gedirdim və sınaqlarda da buna yaxın nəticə göstərirdim. Səylə çalışırdım və güman edirdim ki, sınaqlarda topladığıma yaxın bal yığacam.

Tural Veyisov - tələbə: Hər zaman səylə çalışıb, bacarmaram deməsinlər, Bu onların gələcək həyatını təmin edir. Social şəbəkələrə eləcə də, telefondan istifadəyə elə də çox vaxt ayırmasınlar. Dərslərinə çox ciddi yanaşsınlar, sınaq imtahanlarında iştirak etsinlər, müəllimlərin verdiyi tapşırıqlara düzgün əməl etsinlər ki, axırda yaxşı nəticə əldə edə bilsinlər.

Ləman Qurbanova - tələbə: Ailədə mənə ən böyük dəstək olan insan anam idi. 1-ci sinifdən bu günədək yanımda olub, mənlə bir yerdə oxuyub. Hər bir qız uşağının arzusudur ki, böyüyəndə həkim olsun. Mən bu arzunu həyata keçirdim.

Tələbə adı qazananlar arasında sinif yoldaşlarından fərqli olaraq, əyləncəsindən qalmayıb, işlərini planlı qurub, yüksək balla ali məktəbə daxil olanlar da var.

Gülnur Məmmədova - tələbə: Digər sinif yoldaşlarım kimi çox səylə çalışdığımı, oxuduğumu deyə bilmərəm. Hər bir şeyə vaxt ayırırdım. Həm əyləncəmdən qalmırdım, həm gəzirdim, həm də telefondan, sosial şəbəkələrdən istifadə edirdim. Həmçinin dostlarımla da görüşürdüm. Bilirdim ki, istədiyim universitetə qəbul olmaq potensialım var, özümə güvənirdim.

Oqtay Atakişiyev - tələbə: İnsan çalışsa hər şeyə vaxt ayıra bilər. Oxumaqla parallel gəzməyindən də qalmaya bilər, sosial şəbəkəyə də girə bilər. Hər şey insanın özündən asılıdır.

Nəticələrə görə, bu il imtahanlarda məktəb üzrə ən yüksək balı 664 balla Həcər Hüseynova toplayıb. Nazim Həsənov rəhbərlik etdiyi sinifdə şagirdlər arasında hər zaman sağlam rəqabət olub.

Nazim Həsənov - sinif rəhbəri: 21 nəfərdən 7 nəfəri Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olublar. Bunlardan iki nəfər hərbi həkim ixtisasına yiyələnmək iqtidarındadır. 2 nəfər Bakı Dövlət Universitetinin hüquq fakültəsinə, 1 nəfər isə Dövlət və İctimai Münasibətlər fakültəsinə qəbul olub. 2 nəfər Azərbaycan Neft və Sənaye Universitetinə, həmçinin, Gəncə Dövlət Universiteti və Aqrar Universitetə daxil olublar. Mən əminəm ki, bu şagirdlər yaxşı kadr kimi vətənimizin inkişafında öz töhvələrini verəcəklər.

İsrafil Məmmədov adına 27 nömrəli məktəb-liseydən bu il məzun olan 41 şagirddən 11-i məktəbi fərqlənmə diplomu ilə bitirib.