• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1327
— 23.08.2019 15:58

“Kəpəz”dən qələbəyə bərabər heç-heçə

KepezTV Player

Futbol üzrə Birinci Divizionunda 2019-2020-ci illər mövsümünə start verilib. Gəncənin "Kəpəz” klubu ilk oyununu doğma azarkeşləri önündə keçirib. Qərb təmsilçisi şəhər stadionunda ötən ilin çempionu MOİK-i qəbul edib. Oyundan öncə hər iki komandanın kapitanlarının iştirakı ilə açılış mərasimlərinə uyğun olaraq Azərbaycan bayrağı havaya qaldırılıb. Daha sonra Gəncədə fəaliyyət göstərən Qarabağ qazilərindən ibarət amputant futbol komandasının üzvləri meydançaya çıxıb. Onlar yeni mövsümün başlaması münasibətilə hər iki komandanın oyunçuları ilə görüşərək uğurlar arzulayıblar. Qazilər həmçinin, "Kəpəz”in kapitanı Əli Səmədova komandanın formasını hədiyyə ediblər.

Qarşılaşmaya gəlincə qonaqlar oyuna erkən qolla başlayıblar. 5-ci dəqiqədə cərimə meydançasında yaranan qarşıqlıqdan hərbçilərin heyətində Camal Camalov maksimum yararlanaraq komandasını hesabda önə keçirib. Bakılıların üstünlüyü çox çəkməyib. Qısa zamanda toparlanan meydan sahibləri 15-ci dəqiqədə bərabərliyi təmin edib. Küncdən havalandırılan topu ikinci mərtəbədə hamını qabaqlayan Novruz Məmmədov tora salıb. Fasiləyədək rəqib qapısına yüklənən gəncəlilər epizodlardan birində önə keçməyə yaxın olsa da, Elcan Rəhimovun baş zərbəsi qapı tirinə tuş gəlib. İkinci yarıda da fəal olan Yaşar Vahabzadənin yetirmələrindən bu dəfə Elvin Nəsibovun fərqlənməsinə dirək mane olub. 69-cu dəqiqə yenə qonaqlar hesabı xeyrinə dəyişib. Tural Qürbətov dəqiq zərbəylə qapını dəqiq nişan alıb. Geridə olmasına baxmayaraq ruhdan düşməyən dağlılar 3 dəqiqə sonra status-kvonu bərpa ediblər. Novruz Məmmədov dubl edərək oyunun qəhrəmanına çevrilib. Bu qol həm də görüşdə sonuncu olub. “Kəpəz” 2 MOİK 2.

Növbəti tur “Kəpəz” Bakıya səfər edəcək. Sarı-göylər avqustun 28-də Keşlə-2-nin qonağı olacaq.