İyulun 24-ü saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları həyata keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 tipli döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısındakı məlumatlar və uçuşun aparılması ilə bağlı digər texniki sənədlər mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib.Müdafiə nazirinin əmrinə əsasən qəzanın səbəblərinin müəyyən edilməsi ilə bağlı yaradılan “Aviasiya hadisəsinin araşdırılması komissiyası”nın gəldiyi son rəyə görə təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub.Hadisənin baş vermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. “Qara qutu”dan əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb.
- Baxış: 574