Şəmkir rayonunda evdə yanan 24 yaşlı qadın xəstəxanada dünyasını dəyişib. Həyat yoldaşı tərəfindən yandırılan və bədəninin 70%-i 4 cü dərəcəli yanığı ilə kritik vəziyyətdə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılan 24 yaşlı qadın həkimlərin səyinə baxmayaraq, bu gün səhər saatlarInda aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisə nəticəsində bədəninin 55% 4-cü dərəcəli dərin nekrozlaşmış yanığı ilə xəstəxanaya çatdırılan 54 yaşlı qadının vəziyyəti də kritik olaraq qalıb. Həkimlərin bildirdiyinə görə, həyatı təhlükə altındadır. Avqustun 18-i Şəmkir rayonu, Sarıtəpə kənd sakini İlqar Məsimovun evində yanğın baş verməsi nəticəsində 2 yaşlı Nicat Sadıqovun meyitinin aşkar olunması faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq orqanlarının əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini 33 yaşlı Elmar Sadıqovun avqustun 18-i gecə saat 3 radələrində qayınatasının evinə daxil olaraq ailədaxili narazılıqlarla bağlı müvəqqəti olaraq ondan ayrılaraq yaşayan 24 yaşlı həyat yoldaşı Mətanət Məsimovanı öldürmək məqsədilə özü ilə gətirdiyi benzini yatmış halda olan qayınanası 55 yaşlı Səltənət Məmmədova və həyat yoldaşının üzərinə, eləcə də evin içərisinə tökərək yandırmasına, nəticədə həmin vaxt evdə olan yatmış azyaşlı oğlu Nicat Sadıqovun ölməsinə, qadınların isə müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmələrinə səbəb olmasına kifayət qədər əsaslı şübhələr müəyyən olunub. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddələri ilə cinayət işi başlanıb. İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub və o, ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib. Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
- Baxış: 614