• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1671
— 15.08.2019 12:28

Həm rahat hərəkət. həm də turizmin inkişafı

KepezTV Player

Ölkə əhəmiyyətli yolların inşası, mövcudlarının isə müasir səviyyəyə çatdırılması sahəsində mühüm layihələrin icrası ilə həm vətəndaşların rahat gediş-gəlişi təmin olunur, həm də ölkənin turizm potensialı daha da genişləndirilir. Bu baxımdan Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun Gəncə-Göygöl-Maralgöl hissəsinin yenidən qurulması istiqamətində işlər davam etdirilir.

Qorxmaz Aslanov turist: Bakı şəhərindən gəlmişəm. Birinci dəfədir ki, mən Göygölə gəlirəm. Çox xoşuma gəldi. Yol çox gözəldi. Təzə çəkilib, çox yaxşıdı.

Bütün fəsillərdə diqqət çəkən və diqqətdə saxlanılan turizmin inkişafı infrastrukturun yaradılması, ələxsus da yol çəkilişi baxımından olduqca əhəmiyyətlidir. Bu baxımdan yenilənən Gəncə-Göygöl-Maralgöl yolu həm milli parka üz tutanlar, həm istirahətlərini yol boyu mövcud olan məkanlardan salanlar, həm də ətraf kəndlərdə yaşayanlar üçün rahat hərəkət imkanı yaradır. Təhlükəsiz gediş-gəliş və istehsal olunan kənd təsərrüftı məhsullarının satışının asanlaşması isə yolun əhəmiyyətini bir qədər də artırır.

Qənfilə Cabbarova turist: Mən birinci dəfədir gəlirəm baxıram ki, çox mənzərəli, səfalı meşələrimiz var. Yollara asflat çəkilir. Çox qəşəngdir. Əziyyət çəkmirik, yolumuz rahatdı.

Yol əsasının deformasiyaya uğraması, yaranan çalalar və çökmələr, dağlıq əraziya gedən yolda müşahidə edilən atmosfer yağıntılarının yaratdığı çətinliklər danılmaz idi. III texniki dərəcəyə uyğun yenidən qurulan yolda köhnə asfalt-beton örtüyü sökülüb, zəruri ərazilərdə torpaq-bərkitmə işləri görülüb. Göygöl rayonun Yeni Zod kəndinə qədər 17 km-lik hissəsi yenilənən, indi isə yerdə qalan hissəsi asfaltlanan yolun təmiri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilib.

Layihəyə görə uzunluğu 22 km olan bu yol Maralgölünə kimi asfaltlanacaq.Yolun asfalt olunması isə Göygölə eləcədə Maralgölünə gələn turistlərin rahatlığı üçün böyük əhəmiyyət kəsb edəcək.

Vüqar Qasımov turist: Mən Sumqayıt şəhərindən Göygölə gəlmişəm. Çox gözəldi.Yol yaxşıdı. Ailəmlə birlikdı istirahət edirik

Yol boyu suötürücü borular, mövcud olan 2 körpü də əsaslı şəkildə təmir edilir. Həmçinin sürüşmə ehtimalı olan ərazilərdə istinad divarları bərpa edilir, hərəkətin təhlükəsizliyi üçün monolit dəmir betondan parapetlər tökülür. Sonuncu mərhələdə hərəkətin normal təşkili üçün yolboyu siqnal dirəyi, yol nişanı və məlumatverici lövhə, kilometr göstəricisi quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək.